XƏBƏRLƏR

ADU-da “BÜTÖV” proqramının təqdimatı keçirilib

02 noyabr, 2023

 Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində (ADU) "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə "BÜTÖV - Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması" proqramının təqdimatı keçirilib.

Yüzə yaxın gəncin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektor müşaviri Anar Osmanlı "BÜTÖV" proqramı çərçivəsində baş tutan görüşün Azərbaycan Dillər Universitetində keçirilməsinə görə "İRƏLİ" İctimai Birliyinə təşəkkürünü bildirib. Proqramın işində uğurlar arzulayan Anar Osmanlı gəncləri layihə müddətində baş tutacaq fəaliyyətlərdə aktiv olmağa çağırıb.

Qərbi Azərbaycan İcmasının koordinatoru Fərhad Qənbərov və Bakı Dövlət Universitetinin dosenti Natiq Quliyev çıxışları zamanı tarixi qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsinin son əsrlərdə erməni dövlət siyasəti səviyyəsində həyata keçirildiyini qeyd ediblər.

Diqqətə çatdırılıb ki, bu dövlət siyasəti nəticəsində tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik mövcudluğuna son qoyulub. Natiqlər "Qərbi Azərbaycana qayıdış konsepsiyası"nın icrasında hər bir Azərbaycan gəncinin iştirakının vacibliyini vurğulayaraq, gəncləri bu istiqamətdə səfərbər olmağa çağırıblar.

Tədbirin davamında "İRƏLİ" İctimai Birliyinin baş katibi İlqar Axundov proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı tələbələrə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılması nəzərdə tutulur. Proqram çərçivəsində həmçinin təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoçarxların hazırlanması da planlaşdırılır.

Qeyd edək ki, "BÜTÖV - Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması" proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qarbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.