XƏBƏRLƏR

“Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının nəşri mühüm hadisədir

02 noyabr, 2023

Bu yaxınlarda ADU-nun Elmi Şurasının qərarı ilə “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” məqalələr toplusu nəfis şəkildə çapdan çıxıb. Kitabın ideya müəllifi və layihənin rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır. Hörmətli rektorun qeyd etdiyi kimi ADU-da hazırlanan və oxucuların istifadəsinə verilən “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı” kitabına Ulu Öndər Heydər Əliyevin Azərbaycanda prezidentliyi dövründə ingilisdilli xarici mətbuatda respublika haqqında çap edilmiş materialların bir hissəsinin Azərbaycan dilinə tərcümə olunan variantları daxil edilib. Sözügedən məqalələr müxtəlif ölkələrdəki (İngiltərə, ABŞ, Kanada, Avstraliya, Rusiya və s.) mətbuat orqanlarından (“The Gazette”, “The Times”, “The Globe and Mail”, “The Sydney Morning Herald”, “The Moscow times”, “The Washington Post”, “Sunday Times”, “The New York Times”, “The Guardian”, The Economist”, “The Daily Herald” və s.) götürülüb.

Kitabın önsözünü ADU-nun rektoru, akademik Kamal Abdulla “İlk təşəbbüs- faydalı mənbə” başlığı altında yazıb.

Xronoloji ardıcıllıqla 1993-cü ildən 2003-cü ilə qədər olan dövrü əhatə edən məqalələr Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları özündə ehtiva edir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məqalələri oxuduqca həmin dövrdə xarici jurnalistlərin münaqişəyə bəzən obyektiv, bəzən qərəzli və bəzən də neytral mövqeyini sezməmək olmur. Belə ki, ABŞ-ın məşhur “The New York Times” qəzetinin 28 avqust 1993-cü il tarixli “Azərbaycandakı müharibə köçə təkan verib” (“War in Azerbaijan spurs exodus”) məqaləsində oxuyuruq: “Mən dünyanın müxtəlif hissələrində çox qaçqının vəziyyətini görmüşəm”, - ABŞ-ın müvəqqəti işlər vəkili Robert Finn regiona səfərindən sonra deyib: “Bu görüyüm ən pislərindən biridir”.

Türkiyənin qardaş Azərbaycana olan münasibəti “Türk qoşunları sərhəddə” (“Turkey troops on border”, The Press Democrat, ABŞ, 04.09.1993) və “Türkiyə lideri Qafqaz müharibəsini müzakirə etmək üçün Rusiyada” (“Turkish leader in Russia for talks on Caucasus war”, Pittsburgh Post–Gazette, ABŞ 09.09.1993) sərlövhəli məqalələrdə öz əksini tapıb.

1994-cü ildə Azərbaycan ilə Qərb dövlətləri arasındakı neft müqavilələri üzrə gərgin danışıqların mahiyyəti “Neft razılaşması yaxındadır-Əliyev deyib” (“Oil deal near, Aliyev says”, The Moscow Times, Rusiya, 15.02.1994) məqaləsində vurğulanıb. Məqalədə deyilir: “Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev bildirib ki, Azərbaycan tezliklə Qərb neft şirkətlərinin konsorsiumu ilə dəniz neft yataqlarının işlənməsi üçün çoxmilyardlı layihəyə dair saziş imzalayacaq”. Türkiyə, Rusiya və İranın Azərbaycana olan marağı “İran, Türkiyə və Rusiya Mərkəzi Asiyanın enerji resursları uğrunda mübarizə aparır”(“Iran, Turkey and Russia vie over Central Asian Energy”, Insight on the News, ABŞ, 10.10.1994) adlı məqalədə təhlil edilib.

Ulu Öndər Heydər Əliyevin böyük şəxsiyyəti ilə bağlı bir neçə məqaləyə diqqət çəkmək istərdik. Onlardan biri 02 avqust 1997-ci il tarixli “The Washington Post”-da (ABŞ) çap olunmuş “Klinton neftlə zəngin Azərbaycan rəhbəri ilə nəzakətlə davranır”(“Clinton courts head of ol-rich Azerbaijan”) məqaləsidir. Məqalədə göstərilib ki, Prezident Klinton böyük neft ehtiyatlarına görə dünya liderlərinin diqqət yetirdiyi Azərbaycanın Prezidenti, keçmiş Sovet Dövlət Təhlükəsizlik Komitəsinin generalı Heydər Əliyevi ilk dəfə Ağ evdə fəxri qarovul və səmimi əl sıxma ilə qarşıladı. “ABŞ Azərbaycan prezidentini qəbul edir” (“US welcomes Azeri prezident”, World Oil, ABŞ, Vol.218, İssue 9, 15.09.1997) məqaləsində vurğulanır ki, Azərbaycan-Ermənistan münaqişəsinə baxmayaraq prezident Klinton Azərbaycan prezidenti Heydər Əliyevi Ağ evdə qarşılayaraq neftlə zəngin ölkə ilə əlaqələri gücləndirmək məqsədilə rəmzi xarakterli iki birgə bəyanat imzalayıb.

Kitabdakı Azərbaycan Respublikasında son yüz ildə üç dəfə yeni əlifba tətbiqi ilə bağlı ingilisdilli mətbuatda getmiş məqalələr diqqəti özünə cəlb edir. Belə ki, “Azərbaycan qanunu kiril əlifbası ilə oxuyanları yenidən ABC-yə qaytarır” (“Azeri law sends Cyrillic readers back to ABC”, “The Times”, İngiltərə 08.02.2021) başlıqlı məqalədə müəllif göstərir ki, Azərbaycanda əsaslı dəyişiklik, daha doğrusu “C” hərfi dəyişikliyi baş verir. Dünəndən etibarən prezident Heydər Əliyevin fərmanı ilə yazıda artıq kiril deyil, latın qrafikası istifadə olunmalıdır. Heç də hamı dəyişikliyə qarşı deyil. Gənclər söyləyirlər ki, yeni latın qrafikası Azərbaycanı Qərbə daha da yaxınlaşdıracaq.

Kitab tədqiqatçılar, siyasətçilər, Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti və respublikanın beynəlxalq əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulsa da, ondan ingilis dilinin tədrisində, əsasən də qəzet mətnlərinin linqvistik təhlili prosesində də istifadə etmək olar.

Yuxarıda deyilənləri nəzərə alaraq, hesab edirik ki, bu kitab müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazını əks etdirən qiymətli əsər kimi mühüm bir hadisədir.

Təhsil 1 fakültəsinin dekanı, fil.e.d., prof. Fikrət Cahangirov