XƏBƏRLƏR

ADU-nun əmədaşları Təhsilin İnkişafı Forumunda iştirak ediblər

02 noyabr, 2023

  Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiyalar məsələləri üzrə prorektoru Novruz Məmmədov, Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova, Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri Vüsalə Ağabəyli, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Təhsildən tərəqqiyə" adlı Təhsilin İnkişafı Forumunda iştirak ediblər.

Yerli və xarici ekspertlərin iştirak etdiyi üç paneldən ibarət olan forumda "İnnovasiya Ekosistemin yaradılması", “Universitet-Sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" adlı məsələlər müzakirə edilib.

Forumda açılış nitqi ilə çıxış edən Elm və Təhsil Naziri Emin Əmrullayev forumun keçirilməsinin əhəmiyyətindən, texniki-tərəqqi və süni intellektin inkişafından, təhsildə innovasiyaların önəmindən danışıb. O, qeyd edib ki, innovasiyaya nail olmaq üçün yalnız müzakirə etmək kifayət etmir, onu həyata keçirmək önəmlidir. Həmçinin Emin Əmrullayev biznesin tələbləri üçün təhsil kurrikurumlarının qurulmasını da təklif edib.

Forum xarici spikerlər, Azərbaycan universitetlərinin rektorlarının və yerli mütəxəssislərin çıxışları ilə davam edib, iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.