XƏBƏRLƏR

ADU-nun əməkdaşları şəhid Əzim Həsənovun anım mərasimində iştirak ediblər

01 noyabr, 2023

Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin rektor məsləhətçisi, fəlsəfə doktoru Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, ADU Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev, ADU Məzunlar Assosiasiyasının üzvü, universitetin 1968-cil məzunu dosent Mayıl İsmayılov Təhsil 1 fakültəsinin şəhid tələbəsi Əzim Həsənovun Mingəçevir şəhərində keçirilən  anım mərasimində iştirak ediblər.

Onlar Mingəçevir şəhər Şəhidlər xiyabanında Şəhidin məzarını ziyarət edərək əklil qoyublar və valideynləri ilə görüşüblər. 

Qeyd edək ki, Əzim Fikrət oğlu Həsənov 13.06.1998-ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. Əzim Həsənovun əsli  Qarabağdandır. Atası Fikrət Həsənov Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Qarabağın işğalından sonra Əzimin ailəsi müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşıb. Anası Şəhla Həsənova Balakən rayonunun Kortala kəndindəndir. Əzim Həsənov 3-cü sinifə qədər Mingəçevir şəhərində yerləşən Ağdam 52 saylı orta məktəbdə, sonra isə Mingəçevir şəhər 19 saylı orta məktəbdə təhsil alıb. O, çox tərbiyəli, məsuliyyətli, ağıllı və vicdanlı şagird kimi həm müəllimlərinin, həm də məktəbdəki şagirdlərin rəğbətini qazanıb.

Orta məktəbi əla qiymətlərlə bitirən Əzim Həsənov 2015-ci ildə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinə “İngilis dili müəllimliyi“ ixtisası üzrə qəbul olunub və Universiteti fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində o, elmi biliklərini inkişaf etdirməklə yanaşı “Vətənpərvərlər departamenti”nin də üzvü olaraq “Təşəkkürnamə” ilə təltif edilib. Fakültənin professor-müəllim heyəti və tələbə yoldaşları onu hər zaman xoş sözlərlə xatırlayırlar.

Əzim Həsənov 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. O, hərbi xidmətdə olarkən İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) başlanıb. Əzim “həmlə taboru”nda xidmət edərək Cəbrayıl, Hadrut, Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşub. Tabor komandiri onun barəsində belə deyib: “Əzim şir ürəyi yemişdı. O, çox qeyrətli və qorxmaz əsgər idi”. Əzim Həsənov axırıncı dəfə 27 sentyabr 2020-ci il tarixində dostuna zəng vuraraq deyir: “Gedirik”. Dostu soruşur: “Haraya”. Əzim deyir: “30 ildə haraya getməli idiksə...oraya! O, deyirdi ki, döyüşə gülə-gülə, sevinə-sevinə gedirik və torpağımızın hər qarışını alanda ruh yüksəkliyimiz daha da artır. Əzim Həsənov Füzulinin Aşağı Seyidəhmədli kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və 30 oktyabr 2020-ci il tarixində Mingəçevir şəhərinin “Şəhidlər xiyabanı”nda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə Əzim Fikrət oğlu Həsənov vətən qarşısındakı xidmətlərinə görə “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.