XƏBƏRLƏR

ADU-nun əməkdaşları ixtisasartırma kursunda iştirak ediblər

01 noyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) iki əməkdaşı-  Elmi kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru  Cəmilə Əliyeva və Təhsil 2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri fil.f.dos. Aida Sobor 22-29 oktyabr tarixlərində Sank-Peterburq şəhərində keçirilən  Rus Federal Xarici Əməkdaşlıq Agentliyinin dəstəyi və dəvəti  ilə  kitabxanaçılar üçün ixtisasartırma kursunda iştirak ediblər.

Bildirilib ki,  “Naşi Biblioteki russkiy yazık kak rodnoy”proqramı V.V.Mayakovski adına Dövlət Kütləvi Kitabxanasında keçirilib. Kursun məqsədi:  təşkilat və idarəetmə, metodik iş; kitabxana kolleksiyaları; cari oxu təcrübələri; elektron kataloqlar və məlumat bazaları; yerli tarix fəaliyyəti; kütləvi kitabxanaların müasirləşdirilməsinin aktual problemləri; rus dili, ədəbiyyatı üzrə biliklərin dərinləşdirilməsi; təhsil təşkilatlarında rus dilinin tədrisi üçün tədris resursları, müasir pedaqoji texnologiyalar sahəsində peşəkar səriştə səviyyəsinin artırılmasıdır.

Kursda 5 ölkədən 32 mütəxəssis iştirak edib. Nəzəri və praktiki məşğələlər, “Tanışlıq günü” interaktiv dərsi, kitabxana menecmenti mövzuları üzrə “dəyirmi masalar” və zəngin mədəni-maarifləndirmə proqramı, dövlət kitabxanalarınin unikal fondları ilə tanışlıq təşkil olunub.

ADU kitabxanası haqqında təqdimat olunub və proqramın sonunda hər iki əməkdaşımız sertifikata layiq görülüb.