XƏBƏRLƏR

Azərbaycanın imici dünya “tərəzisində”

31 oktyabr, 2023

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan ənənə  müasirliyin unikal qarışığı ilə dünyanın diqqətini daim cəlb etmişdir. Təbii qaz ehtiyatlarına və əbədi məşəllərinə görə tez-tez “Odlar yurdu” adlandırılan Azərbaycanın dünya miqyasında imici son illər müxtəlif kateqoriyalarla tanınır.

Təbii ki, bu kateqoriyalar və istiqamətlər müxtəlif zaman kəsiyində xarici mətbuatlarda da fərqli şəkildə öz əksini tapmışdır. Bu baxımdan da, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü və layihə rəhbərliyi ilə ərsəyə gələn “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)”adlı kitab “Dünya Azərbaycanı necə tanıyır” sualının cavabını müəyyənləşdirməkdə əsaslı rol oynayır. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş kitabda xarici müəlliflərin Azərbaycan haqqında mətbuatda yayımlanan fikirləri toplanılmış və Azərbaycan dilinə tərcümə edilmişdir.

Qeyd etdiyimiz kimi, xüsusilə də müstəqillik dövründən sonra Azərbaycanın imici dünyada fərqli baxış bucaqları yaratdığı üçün kitabda da dərc olunan məqalələr Ermənistan və Azərbaycan arasında olan savaş, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası, Azərbaycanın tarixi, mədəniyyəti, geosiyasi mövqeyi, ictimai həyatı, turizmi, sənayesi və iqtisadiyyatı kimi sahələri əhatə edir. 

Bu toplunun Azərbaycan və Azərbaycan xalqı üçün əhəmiyyəti ondan ibarətdir ki, 1990-cı illərdə sosial  şəbəkələr, internet resursları indiki kimi əlçatan deyildi və geniş informasiyanı əks etdirmirdi. Kitabı vərəqlədikcə, müxtəlif illərdə, müxtəlif ölkələrin mətbuat orqanlarında, müxtəlif müəlliflər tərəfindən yazılmış məqalələrə rast gəlmək mümkündür. Bu müxtəliflik və 1993-2003-cü illəri əhatə edən zaman kəsiyi əslində bu toplunun nə qədər əzəmətli olduğunu və bir tədqiqat işi kimi aktuallığını göstərir. Kitabda “The New York Times, The Washington Post, The Guardian, The Daily Herald, The Gazette, The Times və s. kimi məşhur və qlobal mətbuat orqanlarında Azərbaycan haqqında dərc olunan məqalələr yer almışdır.

Məqalələrdən aydın olur ki, Azərbaycan haqqında dünyanın təsəvvürü fərqlidir, bəzən realdır, müsbətdir, bəzən isə mənfidir. Mənfidir, ona görə yox ki, həmin məqalələrdə müsbət fikirlər və ya tərif yer almır, ona görə ki, qeyri-obyektivdir, təhrif olunmuş informasiyadır. Bəzən dünya mediası Birinci Qarabağ savaşı haqqında sadəcə, real mövqe deyil, ümumi münasibət bəzən isə, daha da pisi – əks mövqe sərgiləmişdir. Dünya mediası bu savaşı “Ermənistan və Azərbaycan arasında olan koflikt”, “Dağlıq Qarabağ münaqişəsi” və s. şəkildə başlıqlarla məqalələr dərc etməklə işğalçı dövləti müəyyən etmədən, guya, bitərəf, əslində isə laqeyd yanaşma göstərmişdir. Halbuki, real şəkildə, məsələn, ABŞ-ın “The Gazette” dərgisində Hugh Johnsonun 1993-cü ildə “Erməni qoşunlarının Azərbaycana basqını”, Avstaliyanın “The Sydney Morning Herald” dərgisində Robert Hauptun yazıdığı “Ermənilərin Azərbaycan üzərinə yeni hücumu”, ABŞ-ın “Un Chronicle” qəzetində 1994-cü ildə dərc olunan “Zorakılıq ilə yeni nizam axtarırsınız?” və s. adekvat və obyektiv yanaşma ifadə edən məqalələr də çoxdur.

İstər obyektiv, istərsə də qeyri-obyektiv fikirlərin, neft-qaz strategiyası ilə bağlı yanaşmaların, Azərbaycan cəmiyyətində baş verən iqtisadi, siyasi və ictimai hadisələrin müxtəlif ölkələrin mətbuatlarında yayımlanması və onların hamısının toplu şəklində bir kitabda yer alması, Azərbaycan vətəndaşı üçün dünyanın tərəzisini ayarlamağa imkan verən məqamlardandır.

“Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitab bir toplu olaraq əhəmiyyət daşımaqla yanaşı, həm də didaktik-praktik önəm daşıyır. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakultəsində müxtəlif ixtisaslarda təhsil alan tələbələr üçün bu kitabı “dünyada Azərbaycan imici” olaraq təlimatlar toplusu hesab etmək və əlavə vəsait kimi yararlanmaq olar. Bundan başqa, Azərbaycan Dillər Universitetinin Təhsil 1, Təhsil 2, Filologiya fakultələrində tədris olunan Ölkəşünaslıq fənni var ki, həmin fənnin sillabusunda “İngiltərə-Azərbaycan münasibətləri”, “Amerika-Azərbaycan münasibətləri” və s. kimi mövzuların tədrisində də bu kitab xüsusi əhəmiyyətli mənbə kimi, millətçiliyin təbliğatı və inkişafı üçün vəsait olaraq istifadə edilə bilər.   

Vüsalə Ağabəyli
Azərbaycan Dillər Universitetinin Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri
Filologiya üzrə fəlsəfə doktoru, dosent