XƏBƏRLƏR

ADU-da “İnsulta qarşı ayıq ol!” adlı təşviqat aksiyası keçirilib

30 oktyabr, 2023

  Oktyabrın 27-də  Azərbaycan Dillər Universitetində (ADU) Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektoru ilə birgə “İnsulta qarşı ayıq ol!” adlı maarifləndirici aksiya təşkil olunub.

29 oktyabr – Ümumdünya İnsultla Mübarizə Günü ərəfəsində keçirilən aksiyanın məqsədi əhalini insultun əsas risk amilləri, əlamətləri barədə məlumatlandırmaq, hər bir kəsi, o cümlədən gəncləri insulta qarşı ayıq olmağa çağırmaq olub.

Müəllim və tələbələrin fəal iştirak etdiyi aksiyada bildirilib ki,  insult beyinin müəyyən bir nahiyəsinin zədələnməsinə gətirib çıxaran qan dövranının kəskin pozulmasıdır. İştirakçılara insultun əlamətləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, qəflətən bədənin hər hansı hissəsində yaranan keyləşmə və ya əzələ zəifliyi, görmənin zəifləməsi, nitqin aydınlığının, udma aktının, yaddaşın, tanıma qabiliyyətinin pozulması, başgicəllənmə, müvazinətin itirilməsi, səbəbi məlum olmayan şiddətli baş ağrısı kimi əlamətlərdən hər hansı biri müşahidə olunduqda dərhal təcili tibbi yardım çağırmaq vacibdir.

İştirakçılarla maarifləndirici söhbət aparılıb, onlara zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub və İSİM tərəfindən hazırlanaraq nəşr edilən materiallar paylanılıb.