XƏBƏRLƏR

ADU-da Səfa Mirzəyevlə görüş keçirilib

25 oktyabr, 2023

Oktyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Azərbaycan hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması” mövzusunda  həqiqi dövlət müşaviri Səfa Mirzəyevlə görüş keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, həqiqi dövlət müşaviri Səfa Mirzəyev ictimai-siyasi xadim kimi böyük nüfuza və hörmətə malikdir. Görüşün müəllim və tələbələr üçün əlamətdar hadisə kimi yadda qalacağı vurğulanıb.

Həqiqi dövlət müşaviri Səfa Mirzəyev göstərilən diqqətə və xoş sözlərə görə təşəkkürünü bildirib. Daha sonra qonaq  “Azərbaycan hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması” mövzusunda  məruzə ilə çıxış edib.

Qeyd olunub ki, ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi. Ona görə də demokratik hüquqi dövlət quruculuğu prosesi tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi: "1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyamız dünyada nadir qanun toplusundan biridir. Burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub”.

Tədbirin sonunda qonağa xatirə hədiyyələri təqdim olunub. Tələbələrin sualları cavablandırılıb.