XƏBƏRLƏR

Alman dilini səylə və həvəslə öyrənək

24 oktyabr, 2023

“İnsan nə qədər çox dil bilsə, bir o qədər də zəngin olar”

HEYDƏR ƏLİYEV, Azərbaycan Respublikasının Ümummilli Lideri

 

Sizi Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası adından salamlayır, tədris ilində hər birinizə uğurlar arzulayıram.

Məlumdur ki, hörmətli rektorumuz akademik Kamal Abdulla tədris ili başlayanda birinci kurs tələbələri ilə görüşmüş, onları tələbə adı almaqları münasibətilə təbrik etmişdir. Kamal müəllim tələbələrə universitetimizin uğurları, burada fəaliyyət göstərən müxtəlif mərkəzlər barəsində məlumat vermişdir.

Mən isə kafedramızın gördüyü işlər, alman dilini mükəmməl öyrənmək üçün universitetimizdə fəaliyyət göstərən şöbələr haqqında danışmaq istərdim.

Bu günə qədər “Alman dili müəllimliyi” ixtisası üzrə iki Azərbaycan və bir rus olmaqla üç qrup təhsil alırdı. Sevindirici haldır ki, bu il həmin ixtisasa gələnlərin sayı artaraq dörd qrup olmuşdur. Bu da alman dilinə olan marağın artmasıdır. Bilirik ki, tələbələrin əksəriyyəti ingilis dili bazasında qəbul olunur. Buna görə kafedramızın üzərinə böyük məsuliyyət düşür. Tələbələrdə alman dilinə marağı daha da artırmaq üçün müəllimlərimiz böyük həvəs və ruh yüksəkliyi ilə çalışırlar. Mən də öz adımdan birinci kurs tələbələrinə “Dil bacarıqları” fənninin tədrisində istifadə etdiyimiz Almaniya istehsalı olan dərsliyi hədiyyə etmişəm. Əsas məqsədim tələbələrdə alman dilinə olan marağı sevgiyə çevirməkdir.

Hamıya məlum olduğu kimi artıq buraxılış işi müdafiələri və dövlət imtahanı ləğv olunub. Bu tədris ilindən etibarən  tələbələr universiteti bitirərkən dörd il ərzində gördükləri işlərin hesabatını verəcəklər. Biz müəllimlər əlimizdən gələni, bacardığımızı etməyə çalışırıq. Tələbələrə isə dərslərə daha ciddi yanaşmaq, universitetin və kafedranın ictimai həyatında yaxından iştirak etmək tövsiyə olunur.

Əziz tələbələr, çalışın ki, hesabatınızda boş məqamlar qalmasın.

Builki IV kurs tələbələri müharibə dövrünə düşdüyü üçün təhsilə onlayn formada başlamışdılar. Heç kimə sirr deyil ki, onlayn dərslər heç də həmişə müsbət nəticə vermirdi. Amma müəllimllərimiz texnikanın bütün imkanlarından istifadə edərək tələbələrə alman dilini sevdirə bildilər. 

İkinci kursda tədris artıq ənənəvi formada keçirilməyə başladı.  Həmin dövrdə düşmən üzərində şanlı qələbəmizin ildönümü qeyd olunurdu. Tələbələrimiz də bu yubileyə öz töhfəsini verdi. Həmin gün olan dərs “Zəfər bayramı”na həsr edildi.

Üçüncü kurs tələbələr üçün ən məhsuldar və yaddaqalan il oldu. Oktyabr ayında İstiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi yüksək səviyyədə qeyd olundu. Tədbirdə fəal iştirak etdiklərinə görə tələbələr dekanlıq tərəfindən sertifikatlarla  təltif olundu.

Məlumat üçün bildirim ki, universitetimizdə hər ilin noyabr ayında “Alman dili Birliyi”nin təşkiilatçılığı ilə “Alman dili günü” keçirilir. Artıq bu bayram ənənəvi xarakter alıb. Bayramda “Alman dili müəllimliyi” ixtisası ürzə təhsil alan tələbələr böyük maraq və həvəslə iştirak edirlər.

Fevral ayının 26-da olan dərsimiz erməni vandallarının Xocalıda törətdikləri soyqırıma həsr olundu. Tələbələr Xocalıda baş verən cinayətləri alman dilində hazırladıqları ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdirdilər.

Məlumdur ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunmuşdur. Bu münasibətlə universitetimizdə silsilə tədbirlər keçirilir. Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası da özünün illik planına əsasən Ulu Öndərə həsr olunmuş tədbirlər keçirməkdədir. Keçən il “H.Əliyev və dövlətçilik”, “H.Əliyev və milli-mənəvi dəyərlər”, “H.Əliyev və Almaniya”, “H.Əliyev və təhsil”, “H.Əliyev və uşaqlar”  adlı tədbirlər keçirildi. Sonuncu tədbirdə orta məktəbdə pedaqoji təcrübə keçən tələbələrimizin iştirakı ilə onların təhkim olunduqları siniflərin şagirdlərinin universitetə ekskursiyası təşkil olundu. Həmin şagirdlər Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türk dövlətləri ilə əlaqələrin istiqamətləri” adlı tələbə-şagird elmi konfransında Ümummilli Lider haqqında hazırladıqları tezis və məqalə ilə çıxış etdilər.

Ən möhtəşəm tədbirimiz Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı olmuşdur. “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr Ümummilli Liderin müxtəlif məsələlərə həsr olunmuş rəsmi çıxış və müsahibələrindən sitat və kəlamları seçərək, onları alman dilinə tərcümə etdilər. Həmin tərcümələr “H.Əliyev 100. Sitatlar və kəlamlar” adı altında nəşr olundu. Tədbir iştirakçıları rektor tərəfindən təltif olundular.

Bütün bu tədbirlərdə tələbələr alman dilini səylə və həvəslə öyrəndiklərini sübut etdilər.

Əziz birinci kurs tələbələri, universitetimizdə alman dilini mükəmməl və daha dərindən öyrənmək üçün hər cür şərait var.

3 saylı binanın 4-cü mərtəbəsində “Alman oxu zalı” yerləşir. Oxu zalından istədiyiniz bədii kitab və dərs vəsaitlərini, sevdiyiniz filmlərin disklərini əldə edə bilərsiniz. Burada mütəmadi olaraq DAAD-nin ADU-dakı ofisinin rəhbəri tərəfindən söhbətlər və müxtəlif görüşlər təşkil olunur. Görüşlərin keçirilmə vaxtı ilə bağlı tələbələrə əvvəlcədən məlumat verilir.

Əsas  binanın 2-ci mərtəbəsində Germanistika İnstitutu və Avstriya kitabxanası fəaliyyət göstərir. Germnistika İnstitutunun rəhbəri professor Zieglinde Hartmann tələbələrə vaxtaşırı seminarlar təşkil edir, alman ədəbiyyatından nümunələri təqdim edir. İnstitut müxtəlif konfrans və simpoziumlar, almandilli ölkələrin milli bayramlarını keçirir ki,  tələbələr də həmin tədbirlərin təşkilində yaxından iştirak edirlər. İnstitutda artıq ənənə halını almış “Səfir saatı” layihəsi çərçivəsində Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin tələbələrlə görüşü təşkil olunur. Görüşdə alman dilinin təbliği, mübadilə proqramları, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılır.

İki ildir ki, may ayının 31-də universitetimizdə “Germanistikfest” – “Germanistika bayramı” adlı tədbir keçirilir. Həmin tədbirdə universitetin həyətində simvolik olaraq qızılgül kolu əkilir. İnanırıq ki, bu ənənə halını alacaq və universitetin həyətində bu bayramın şərəfinə qızılgül bağı salınacaq.

Məlumat üçün bildirim ki, universitetin əsas binasında, 311-ci otaqda Alman Azərbaycan Mübadilə Xidmətinin, yəni DAAD-nin ofisi yerləşir. DAAD tələbələr üçün müxtəlif təqaüd proqramları təklif edir. Təqaüd proqramları ilə təyin olunmuş məsləhət saatlarında tanış ola bilərsiniz.

 Bundan başqa DAAD xətti ilə artıq üç ildir ki, “Geheimnisvolles Aserbaidschan – Brücke zwischen Ost und West” (“Sirli Azərbaycan - Şərq və Qərb arasında körpü”) adlı  yay məktəbi təşkil olunur. Adı çəkilən yay məktəbində Almaniya və Azərbaycanın müxtəlif ali məktəblərindən tələbələr iştirak edir. Yay məktəblərinə seçim müsahibə formasında aparılır.

Universitetimizdə ECL Beynəlxalq İmtahan Mərkəzi fəaliyyət göstərir.

Əziz müəllimlər və tələbələr,

Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının gördüyü işlər və yeniliklər barəsində kafedranın adlk.adu adlı instaqram səhifəsində mütəmadi olaraq tanış ola bilərsiniz.

 

fil.f.d., dosent Xuraman Səlim qızı Əsgərova

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri