XƏBƏRLƏR

1993-2003-cü illərdə ingilisdilli mətbuatda Azərbaycan obrazı necə yaradıldı?

23 oktyabr, 2023

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan  “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və universitet əməkdaşlarının zəhməti nəticəsində hazırlanaraq çap edilmişdir. Təcrübəli və uzaqgörən dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə respublikada həyata keçirilən siyasət və onun nəticələri həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmuş, obyektiv və subyektiv mövqedən qiymətləndirilmiş və müxtəlif ölkələrin mətbuatında işıq üzü görən yüzlərlə  analitik yazının  mövzusu və məzmununu təşkil etmişdir.  Oxucuların istifadəsinə verilən kitab həmin yazıların bir hissəsi,  ingilisdilli mətbuatda yer alan məqalələr əsasında tərtib edilmişdir.

Xarici müəlliflərin Azərbaycan haqqında yazdıqları məqalələrlə tanış olmaqla, 1993-2003-cü illərdə respublikada hansı məsələlərin daha çox aktuallıq kəsb etdiyini və beynəlxalq aləmdə maraq doğurduğunu müəyyənləşdirmək mümkündür. Buna əsaslanaraq, nəşrə daxil edilən məqalələri üç qrupa bölmək olar: birinci qrup – Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi, ikinci qrup - əsası Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası, üçüncü qrup isə - Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatı, tarixi və mədəniyyəti ilə bağlı yazıları əhatə edir.

Ümummilli lider Heydər Əliyevin prezidentlik illəri də daxil olmaqla, müstəqillik illərində Azərbaycanın xarici siyasətinin əsas prioriteti, dünyadakı havadarlarının siyasi, iqtisadi və hərbi yardımlarından istifadə edən Ermənistanın işğalçılıq siyasəti nəticəsində respublikanın pozulmuş ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi olmuşdur. Erməni separatizmi və ona qarşı mübarizə həm də tərəflər arasında informasiya müharibəsinin tərkib hissəsidir. Qeyd olunan  məsələ müxtəlif ölkələrin ingilisdilli mətbuatında da işıqlandırılmışdır. Xarici müəlliflərin əksəriyyəti balanslı mövqe tutmağa çalışaraq, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamışdılar. Məqalə müəllifləri arasında, peşəkarlıq nümayiş etdirərək, prosesləri obyektiv işıqlandıranlarla yanaşı, qərəzli mövqe tutan, hadisələri təhrif edərək, Azərbaycana qarşı şər-böhtan yağdıran, Ermənistanın işğalçı simasını pərdələməyə çalışaraq, hərbi əməliyyatların azərbaycanlılarla Qarabağ erməniləri arasında getdiyini “sübut” edənlər də vardır.

Azərbaycanın zəngin neft-qaz ehtiyatları və onların işlənməsinə dünyanın iri neft şirkətlərinin cəlb edilməsi də xarici mətbuatın diqqət mərkəzində saxladığı məsələlərdəndir. Azərbaycanın xarici neft şirkətləri ilə apardığı danışıqlar, “Əsrin müqaviləsi” və digər  neft müqavilələrinin imzalanması və  ixrac marşrutlarının  seçilməsi ətrafında cərəyan edən proseslər kitabda yer alan müvafiq məqalələrdə geniş şərh olunmuşdur. 

Kitabla tanış olan oxucu Heydər Əliyevin ABŞ və Rusiyaya səfərləri  və bu zaman əldə etdiyi müsbət nəticələr, xarici ölkələrdən Azərbaycana gələn yüksək vəzifəli şəxslərlə görüşləri barədə də maraqlı məlumatlar əldə etmək imkanı qazanacaqdır.     

1993-2003-cü illərdə xarici ölkələrin kütləvi-informasiya vasitələrində, o cümlədən ingilisdilli mətbuatda Azərbaycan haqqında olan və kitabda xronoloji ardıcıllıqla yerləşdirilən materiallarla tanışlıq zamanı, oxucu qeyd olunan illərdə respublikaya münasibətdə müsbət tendensiyanın tədricən artmasının şahidi olur. Bu, bir tərəfdən, daxili və xarici siyasətdə müstəqilliyini qoruyub saxlamağa nail olan Azərbaycanın beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində fəaliyyət göstərməsinin, qlobal və regional səviyyədə  sülhün və sabitliyin təmin olunmasında aktiv iştirak etməsinin, xarici aləmlə münasibətlərində ikitərəfli və çoxtərəfli əməkdaşlığa və inteqrasiya proseslərinin dərinləşməsinə üstünlük verməsinin, milli və universal dəyərlərin uzlaşdığı multikultural cəmiyyətin inkişafı üçün hərtərəfli şərait yaratmasının, digər tərəfdən isə, respublikaya qarşı ədalətsiz informasiya müharibəsi aparan, fəaliyyətini saxta və uydurma dəlillər əsasında quran  qüvvələrə qarşı mübarizədə konkret faktlara və arqumentlərə əsaslanan mövqe ortaya qoymasının,  hər addımda Azərbaycanı əsassız olaraq günahlandırmağa və onun nüfuzuna ziyan vurmağa çalışan rəsmi və qeyri-rəsmi dairələrə münasibətdə uğurlu hücum diplomatiyası həyata keçirməsinin nəticəsi idi.

Kitabda yer alan məqalələr respublikanın xaricdən necə göründüyünü müəyyənləşdirmək baxımından da əhəmiyyətlidir. Xarici müəlliflərin Azərbaycanla bağlı müxtəlif  hadisə və proseslərə yanaşması və onların apardığı qiymətləndirmələr  respublikanın informasiya siyasətinin təkmilləşdirilməsi və həyata keçirilməsi zamanı nəzərə alına bilər. Bundan başqa, haqqında bəhs edilən  məqalələrdən müvafiq mövzular üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi zamanı  ilkin mənbə kimi də istifadə etmək olar.

Ümumilikdə, “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Dillər Universitetində görülən işlərdən biridir və  ictimai-siyasi, elmi və didaktik əhəmiyyətə malikdir.

 

ADU-nun Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov,

“Azərbaycanşünaslıq” Elmi Mərkəzinin elmi işçisi Suğra Ələkbərli