XƏBƏRLƏR

“Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının təqdimatı və müzakirəsi

20 oktyabr, 2023

 ADU-nun Təhsil 1 və Təhsil 2 fakültələrinin birgə təşkilatçılığı ilə oktyabrın 19-da 2 saylı Tədris binasının Oxu zalında “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitabın müzakirəsi və təqdimatı keçirilib. Qeyd edək ki, bu kitabın ideya müəllifi və layihə rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır.

Tədbirdə Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev, müvafiq fakültələrin nəzdindəki kafedraların müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbirin moderatoru, professor Fikrət Cahangirov giriş nitqi söyləyib. O, qeyd edib ki, bu kitabda müxtəlif ölkələrin ingilisdilli mətbuatında Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə ölkəmizin ictimai-siyasi, iqtisadi  və mədəni həyatında mühüm islahatlar və hadisələr baş verib. Sözügedən məsələlər çeşidli ölkələrin aparıcı media orqanlarının jurnalistləri tərəfindən qələmə alınıb və ingilisdilli mətbuatda öz əksini tapıb. Dosent Salman Nuriyev deyib ki, kitabda yer alan məqalələr əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları əhatə edib.

Təqdimat mərasimində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə Sadıxova, İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov kitab haqqında dəyərli fikirlər söyləyiblər.

Tələbələrdən Nurcan Qocayeva(qrup 417b), Səyalı Vəliyeva(qrup 417b), Leyla Alırzayeva(qrup 417b), Ellada Atakişiyeva(qrup 222b), Çiçək Məmmədzadə (qrup 222b) və Vilənaz Rəfizadə (qrup 222b) kitabdakı məqalələri oxuyaraq təhlil ediblər.