XƏBƏRLƏR

"Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir" adlı tədbir keçirilib

19 oktyabr, 2023

Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Müstəqilliyimizin bərpa olunmasına həsr edilmiş "Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir" adlı tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli  18 Oktyabr – Milli Müstəqillik günü münasibəti ilə həm öz adından, həm universitet rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.

Professor mütəqilliyin tarixindən danışarkən bünövrəsi 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan, Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətindən söz açıb.  

Çıxışı zamanı o, AXC-nin mövcud olduğu 23 ay ərzinə həyata keçirdiyi islahatlar və gördüyü işlərdən danışıb, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin böyük siyasəti nəticəsində Azərbaycanda daxili ictimai-siyasi sabitliyin möhkəmlənməyə başladığını və onun bu siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. 

Universitetin Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov çıxışında günün tarixi əhəmiyyətindən danışarkən, Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu olduğunu qeyd edib. Professor dövlət müstəqilliyinin əbədi, sarsılmaz, dönməz olduğunu 44 günlük Vətən müharibəsi dövründə əldə etdiyimiz qələbə ilə bir daha sübut edildiyini qeyd edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayevin “Əbədi müstəqilliyə aparan uğurlu yol”,  Regionşünaslıq kafedrasının müəllimi Rüfət Ağaqasımov “Müstəqillikdən doğan zəfər”, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin II kurs tələbəsi Şəbnəm İbrahimlinin “Qürur duyduğumuz dövlət atributları” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə Azərbaycanın keçdiyi müstəqillik yolundan, müstəqilliyimizin ilk illərində ölkəmizdə yaranmış ağır ictimai-siyasi vəziyyətdən, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbədən danışılıb, ömrünün 23 ay olmasına baxmayaraq bu qısa dövrdə təsis edilən dövlət bayrağı, himni və gerbi haqqında ətraflı məlumat verilib.

Tədbirdə 18-oktyabr “Milli Müstəqillik Günü”nün  tarixindən bəhs edən və Prezident İlham Əliyevin Xankəndindən xalqa müraciətini əks etdirən videoçarxlar nümayiş olunub.

Bədii hissədə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin I kurs tələbəsi Mədinə Əhmədova Cabir Novruzun “Sevin Azərbaycanı”,  Təhsil - 1 fakültəsinin 4-cü kurs tələbəsi Fidan Mikayılova isə Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndiriblər.