XƏBƏRLƏR

 “Qarabağın erməni sakinləri və multikultural reinteqrasiya” – dəyirmi masa

17 oktyabr, 2023

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) ADU Multikulturalizm mərkəzi və “Azərbaycanşünaslıq” elmi mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağın erməni sakinləri və multikultural reinteqrasiya” adlı dəyirmi masa keçirilib.

Tədbirin aparıcısı, Multikulturalizm mərkəzinin müdiri Loğman Rəşidzadə görüşün əhəmiyyətindən danışarkən,  reinteqrasiyanın erməni əsilli əhalinin azərbaycanlılarla birləşib, birgə yaşaması prinsipini əhatə etdiyini, Qarabağda yaşayan ermənilər əgər yaşamağı qəbul etsələr, Azərbaycan vətəndaşı kimi bizim bütün hüquqlarımızdan istifadə edə biləcəklərini bildirib.

BBMM-Analitik şöbəsinin müdiri Rəşad İlyasov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Ağasəlim Həsənov, Azərbaycan  Avar İctimai Birliyinin Məhəmməd Nooyev, Talış Milli İcması İmamverdi Həmidov,  “Samur” Ləzgi Milli Mərkəzinin rəhbəri İmran Rzayev,  Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuriy Leondoviç Osadeçenko, universitetin Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov çıxışlarında multikultural reinteqrasiyanın siyasi-ictimai  məzmunundan danışıb, erməni əsilli xalqın nümayəndələrinin ölkəmizin həyatına reinteqrasiya problemləri haqqında şərh ediblər. Çıxışlarda Azərbaycan dövlətinin multikultural təhlükəsizliyini təmin etmək üçün reinteqrasiyanın vacibliyindən danışılıb.

Bildirilib ki, Azərbaycanın tam suverenliyi, konstitusional müstəqilliyi Azərbaycan ərazisinin tam bərpası ilə başa çatıb. Bu gün Xankəndində dalğalanan Azərbaycan bayrağı ölkəmizin ədalətli mübarizəsinin rəmzinə çevrilib.