XƏBƏRLƏR

ADU-da İlham Əliyevin prezident seçilməsinin 20 illiyinə həsr edilmiş tədbir keçirilib

13 oktyabr, 2023

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçilməsinin 20 illiyinə həsr edilmiş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli Prezident İlham Əliyevin son 20 ildə gördüyü böyük işlərdən danışıb.

Qeyd olunub ki, ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbirin əhəmiyyətindən danışıb.

Universitet rektoru bildirib ki, son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Azərbaycanın zəngin iqtisadi, siyasi, elmi, mədəni və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır:

“Bu gün qarşımızda olduqca məsuliyyətli və vacib məsələlər dayanır. Hər birimiz üzərimizə düşən işin mahiyyətini dərk edib, onu yüksək səviyyədə icra etməliyik. Bu gün Azərbaycan qalib ölkə kimi öz suverenliyini, ərazi bütövlüyünü bərpa edib. Bu, böyük tarixi hadisədir. Bu tarixi hadisənin canlı şahidləri kimi biz də Azərbaycanın daha güclü və firavan olması üçün bütün varlığımızla çalışmalı, cənab Prezidentin ətrafında sıx birləşməliyik”.

Daha sonra  Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aygün Həsənova, Regionşünaslıq kafedrasının müəllimi Sara Ələsgərova, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aysel Bağırova Prezident İlham Əliyevin son iyirmi ildəki fəaliyyəti haqqında  məruzə ilə çıxış ediblər.

Tədbir tələbələrin sualları ilə davam edib.