XƏBƏRLƏR

“Alman dilini səylə və həvəslə öyrənək!” adlı görüş keçirilib

12 oktyabr, 2023

10 oktyabr 2023-cü il tarixində Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə 3 saylı binanın Akt zalında “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin yuxarı kurs tələbələri ilə “Alman dilini səylə və həvəslə öyrənək!” adlı görüşü keçirildi.

Görüşdə Təhsil 1 fakültəsinin dekanı fil.e.d., prof. F.Cahangirov, fakültə nəzdindəki kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak etdilər. 

Tədbirdə 414a qrup tələbələri ilk dəfə olaraq “Gaudeamus igitur” tələbə himnini həm latın, həm də alman dilində ifa etdilər.  Kafedra müdiri fil.f.d., dos. Xuraman Əsgərova qonaqları salamladı. O, əvvəlki illərə nisbətən bu il “Alman dili müəllimliyi” ixtisasına qəbul olanların sayının artmasını alman dilinə olan marağın göstəricisi olduğunu vurğuladı. Tələbələrdə bu dilə sevgi yaratmaq məqsədi ilə X.Əsgərova I kurs tələbələrinə fakültə dekanının iştirakı ilə “Dil bacarıqları” fənnində istifadə etdikləri Almaniya istehsalı olan “Schritte” adlı dərsliyini hədiyyə etdi.

IV kurs, 414a qrup tələbəsi Fatimə Orucova təhsil aldıqları müddətdə gördükləri işlər barəsində məlumat verdi. Alman dilini mükəmməl öyrənmək üçün universitetdə yaradılan şöbələrin fəaliyyətini videoçarx vasitəsilə qonaqlara təqdim etdi.

III kurs, 314a qrup tələbəsi Nigar Abdullayeva və 314b qrup tələbəsi Xədicə İsmayıllı Almaniyadan gələn tələbələr ilə birgə 2 həftə davam edən Yay məktəbindəki gördükləri işlərdən və təəsüratlardan bəhs etdilər.

ECL imtahan mərkəzinin koordinatoru, Təhsil 2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri fil.f.d, dos. Aida Sobor mərkəzin gördüyü işlər və bu sahədə qazandığı uğurlarından danışdı.

Təhsil 1 fakültəsinin dekanı fil.e.d., prof. F.Cahangirov tədbirin əhəmiyyətini vurğuladı və onun universitet tarixində yenilik olduğunu qeyd etdi.

Görüşdə iştirak edən valideynlər universitet rəhbərliyinə təşəkkür edərək, məhz bu ali təhsil müəssisəsini seçməklə yanılmadıqlarını xüsusi vurğuladılar.

Kafedranın yeni yaradılan loqo və instagram səhifəsi təqdim olundu.