XƏBƏRLƏR

ADU-da “Milli mənəvi dəyərlərin qorunmasında Ulu öndərin rolu” adlı tədbir keçirilib

12 oktyabr, 2023

Oktyabrın 11-də Azərbaycan Dillər Universitetində  (ADU) Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının f.f.d., baş müəllimi Ülviyyə Əhmədova ilə həmin fakültənin IV kurs 401a qrup tələbələrinin birgə təşkilatçılığı ilə  “Milli mənəvi dəyərlərin qorunmasında Ulu öndərin rolu” adlı tədbir keçirilib.

Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri dos. Kifayət Hacıyeva, kafedranın əməkdaşları dos.L. Əsədova, bm M. Bağırova və başqaları iştirak ediblər.

Tədbir Ulu Öndərin və Qarabağın azad olunmasında şəhid olan əsgərlərimizin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Milli-mənəvi dəyərlərin qorunmasında Ulu öndərin rolu” adlı tədbir 5 bölümü əhatə etmişdir: dil, din, multikulturalizm, mədəniyyət və ailə dəyərləri.

Tədbir zamanı tələbələr tərəfindən hazırlanmış ingilis dilində bukletlər, divar qəzetləri, milli-mənəvi dəyərləri əks etdirən sərgi və videoçarxlar nümayiş olunub.

Tədbirin sonunda Anar Osmanov, prof. Fikrət Cahangirov, dos.Kifayət Hacıyeva çıxışlarında müasir gənclərin milli-mənəvi ruhda böyüməsi istiqamətində görülən belə tədbirlərin təqdirə layiq olduğunu qeyd ediblər.