XƏBƏRLƏR

ADU-da “Ordu quruculuğu və milli təhlükəsizlik strategiyası” mövzusunda tədbir keçirilib

11 oktyabr, 2023

   Oktyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrası, Azərbaycanşünaslıq ETL və Doktorantura şöbələrinin birgə təşkilatçılığı ilə  “Ordu quruculuğu və milli təhlükəsizlik strategiyası” mövzusunda tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən moderator, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof.İbrahim Kazımbəyli  2023-cü ilin “Heydər Əliyev ili” olması ilə əlaqədar olaraq tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində gördüyü  işlər və xüsusən də ordu quruculuğuna verdiyi töhfələrdən bəhs edib.

 Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov "Heydər Əliyev və milli vətənpərvərlik konsepsiyası" adlı mövzu ilə çıxış edib. Çıxışında o, milli şüur anlayışı, gənc nəslin formalaşmasında milli şüurun təsiri və milli vətənpərvərlik konsepsiyası haqqında ətraflı məlumat verib.

 

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Səbinə Məmmədova "Ordu quruculuğunda Azərbaycançılıq ideyası" mövzusu üzrə məruzə ilə çıxış edib.  Çıxış zamanı o, Azərbaycançılıq ideyasının formalaşması, Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının inkişafında rolu və ordu quruculuğuna Azərbaycançılıq ideologiyasının təsiri məsələlərinə toxunub.

 

Beynəlxalq münasibətlər kafedrasının doktorantı Şahəstə Mustafayeva isə "Ordu quruculuğunda Heydər Əliyev irsi"  adlı mövzu ətrafında geniş çıxış edərək Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda rolu, müasir ordumuzun formalaşmasına verdiyi töhfələr barəsində geniş məlumat verib.

 

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.