XƏBƏRLƏR

Yunanıstanın Azərbaycandakı səfiri ADU-da olub

11 oktyabr, 2023

Oktyabrın 11-də Yunanıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. 

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan və Yunanıstan arasında iqtisadi, siyasi, mədəni və elmi əlaqələr uğurla davam etdirilir.

Bildirilib ki, ADU-da bir sıra beynəlxalq layihələr həyata keçirilir. Bu beynəlxalq layihələr müəllim və tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm əhəmiyyətə malikdir. Həmçinin ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verilib. Kamal Abdulla diplomatı universitetin "Səfir klubu"nda tələbələrlə görüşə dəvət edib. 

Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və həqiqətin əsl mahiyyətinin nə olmasının önəmindən danışan rektor bu sahədə də beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb:

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Mən inanıram ki, həqiqətpərəst, həqiqətən də dünya tarixinin, xalqların bir-birinə münasibətinin tarixini çox gözəl bilən yunanıstanlı dostlarımız Azərbaycanı dəstəkləyirlər və onun siyasətinə haqq qazandırırlar”.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir Azərbaycan və Yunanıstan arasında olan dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb.

Qeyd olunub ki, Azərbaycan və Yunanıstan arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələr yüksələn xəttlə inkişaf etməkdədir. Enerji sahəsində olan əlaqələrin əhəmiyyətini xüsusilə vurğulayan səfir bunun əlaqələrimizin qurulmasında önəmli mərhələ hesab etdiyini bildirib.

Səfir həmçinin təkcə enerji sahəsində deyil, humanitar və mədəni əlaqələrin qurulmasında da maraqlı olduqlarını söyləyib.

Görüş elmi layihələr və təhsil perspektivləri ətrafında aparılan müzakirələrlə davam edib. Daha sonra qonaq ADU-nun Yunan araşdırma və mədəniyyət mərkəzi ilə tanış olub.