XƏBƏRLƏR

ADU tələbələri təhsil tələbə krediti haqqında məlumatlandırılıb

10 oktyabr, 2023

Oktyabrın 10-da Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşüb.

ADU-nun rektoru, akademik Kamal Abdulla Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Təhsil Tələbə Kredit Fondu tələbələr üçün olduqca mühüm əhəmiyyətə malikdir. Fondun təsis edilməsi dövlətin gənclərə olan qayğısının, diqqətinin bariz nümunəsidir.

Fondun İdarə Heyətinin sədri Araz Paşayev tələbələri salamlayıb, fondun fəaliyyəti haqqında məlumat verib.

Qeyd olunub ki, fondun əhatə dairəsinə ölkə üzrə müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində ödənişli və əyani təhsil alan tələbələr daxildir. Bu da ölkə üzrə ödənişli təhsil alan 100 mindən çox tələbə sayı deməkdir.

Araz Paşayev əlavə edib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, onlar üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Görüşdə mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.