XƏBƏRLƏR

Ən yüksək bal toplayan tələbələrin təəssüratları

10 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinə (ADU) 2023/2024-cü tədris ilində yüksək bal toplayaraq qəbul olan tələbələrin təəssüratlarını təqdim edirik.

Gülbikə Ehtibarova,  Şamaxı rayonu, Ağadur Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbi bitirib. 669,1  balla Tərcümə fakültəsinə daxil olub.

 

“Azərbaycan Dillər Universitetində təhsil almaq mənim hər zaman xəyalım idi. Universitet deyəndə ağlıma ilk gələn ad hal-hazırda tələbəsi olduğum universitet idi. Zaman-zaman məqsədim olan ixtisas dəyişsə də, hər zaman nəzərimdə ADU vardı.

Ailəm hər zaman təhsilim və irəli getməyim üçün məni dəstəkləmiş, mənim üçün zəhmət çəkib qayğılarını məndən əsirgəməmişlər. Universitet seçimi zamanı öz məsləhətlərini versələr belə yekunda seçim etmək mənim məsuliyyətimdə idi.

Bu müvəffəqiyyəti əldə etmək üçün ən böyük motivasiyam kiçik yaşlarımdan yüksək balı özümə məqsəd qoymaq olmuşdur. Universitetə qəbul zamanı seçilmək və bunu özümə sübut etmək hər zaman hədəfim olmuşdur. Bu məqsədi qarşıma qoyub çalışmaq əqidəmə nail olmağıma səbəb oldu.

 

Təhsilin keyfiyyəti haqqında universitetdə keçirdiyim 1-2 həftəlik qısa müddəti nəzərə alaraq deyə bilərəm ki, müəllim heyəti məni qane edir.

 

Məktəb illərini isə həmişə həsrətlə yad edəcəyəm. Gördüyüm sevgi dolu mühitdə müəllimlərin bizə qayğı ilə yanaşması mənim inkişafımda böyük rol oynadı. Xüsusilə də, mənim kiçik yaşlarımdan müvəffəqiyyətli bir şagird olmağımdan irəli gələn keyfiyyətli müəllim-şagird münasibətlərimiz, onların mənə yanaşma tərzi, ən önəmlisi də ilk ibtidai sinif müəllimim məni məqsədimə gedən yolda ilk addımlarımı möhkəm atmağıma səbəb olmuşdur. Orta məktən mənim üçün həmişə özəl xatirə olaraq qalacaq.”

 

Xədicə Baxşalıyeva. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyini qızıl nişan və xüsusi nümunəli attestatla bitirib. 653.7  balla Tərcümə fakültəsinə daxil olub.  

 

“Hələ kiçik yaşlarımdan müəllim olmaq arzusunda idim. 10-cu sinifdə oxuyarkən artıq ingilis dili müəllimi olmağa qərar vermişdim. İngilis dili müəllimliyi üçün də ən yaxşı təhsil verən ali təhsil müəssisəsinin Azərbaycan Dillər Universiteti olacağı qənaətinə gəldim. Həm internet resursları vasitəsilə etdiyim araşdırmalar nəticəsində universitet haqqında əldə etdiyim məlumatlar, həm də universitetin QS reytinqlər cədvəlində yer alması mənim seçimimə xüsusilə təsir etdi. Mənim üçün ən önəmli məqam isə universitetin beynəlxalq əməkdaşlığı – Dil və mədəniyyət mərkəzləri idi. Düşünürəm ki, həmin dil mərkəzləri mənim bacarıqlarımı artırmağım üçün çox kömək edəcək.

 

Əlbəttə, ailəm və yaxınlarım bu qərarıma müsbət yanaşdılar.  Anam xüsusilə qeyd edirdi ki, hansı peşəni seçsəm də, mənə həmişə hörmətlə yanaşacaq. Balımın hansı ixtisasları əhatə etməsindən asılı olmadan, mən öz xəyallarımın ardınca getdim və müəllimlik ixtisasını seçdim. Çünki hər bir peşə sahibini yetişdirən elə müəllimin özüdür.

Abituriyentlik dönəmi çətin olur. Amma mən daim özümü uğura motivasiya edirdim və bacaracağıma inanırdım.

Orta məktəb həyatı mənim xatirələrimdə həm əyləncəli, həm də zəhmət çəkdiyim illər olaraq qalıb. Hələ 1-ci sinfə qədəm qoyandan etibarən özümə məqsədlər qoyurdum və sıra ilə bu məqsədlərə çatırdım. Məqsədlərim arasında 600 balı keçmək və olimpiada qalibi olmaq vardı. Məqsədimə həmçinin məktəbi qızıl nişanla bitirmək də daxil idi. Mən bu məqsədlərin hər birinə artıq çatmışam.

 

Mən ziyalı ailəsində anadan olmuşam. Ailə üzvlərim müəllim olduğu üçün mən də onlardan sövq almışam. İdealım isə anam olub. Gələcəkdə onun kimi bir müəllim, savadlı kadr olmaq həmişə arzum olub.

 

Universitetimiz haqqında ilk təəssüratım isə möhtəşəmdi. Çox dəyərli rektorumuz akademik Kamal Abdullanın və dekanımız Fikrət Cahangirovun müvəffəqiyyətimə görə məni xüsusi olaraq təltif etməyi məni çox qürurlandırdı. İnanıram ki, savadlı müəllim kollektivi, Tələbə Gənclər Təşkilatı və digər tələbə təşkilatlarının köməyi ilə daha da ixtisaslı bir kadra çevriləcəm.”

 

İnarə Əliyeva, 61 nömrəli tam orta məktəbi bitirib. 649  balla Tərcümə fakültəsi İspan dili ixtisasına daxil olub.

 

“Hələ 10-cu sinifdə oxuyarkən bizdən ixtisas seçimi etmək tələb olunmuşdu. Seçim edərkən ingilis dilini çox yaxşı bildiyimi nəzərə alaraq, necə fərqlənə biləcəyim barəsində düşünürdüm. Və bu zaman mən İspan dilini üstün tutdum. İspan dilli ixtisas üzrə təhsil almaq istədiyim üçün ən yaxşı seçimin ADU olduğu qənaətinə gəldim. 10-cu sinifdən etibarən həm təhsilimin yüksək olması, həm də sosial həyatımın fəallığı üçün məqsədim ADU-da təhsil almaq oldu.

Ailəmdən danışarkən çox böyük məmnuniyyət hissi keçirdirəm. Onların dəstəyi, mənə dayaq olmasına görə onlara çox böyük təşəkkür borcluyam. Ailəm seçimlərimin daim arxasında durub, məni maddi və mənəvi cəhətdən dəstəkləyiblər.

Mənim ən böyük motivasiyam ən birinci özümün mükəmməliyyə can atmağım olub. Qarşıma müvəffəqiyyətimlə həm ailəmin, həm müəllimlərimin, həm də zəhmətimi çəkən hər bir kəsin əməyini ucaltmağı məqsəd olaraq qoymuşdum. Bu mənim ən böyük motivasiyam və arzum olmuşdur. Universitetə hazırlaşdığım iki il ərzində çox böyük zəhmətlər çəkib, rutinimi tamamilə dərsə həsr edərək daim məqsədim üçün çalışmışam.

 

Orta məktəb illərimi xoş xatirə olaraq yadda saxlamışam. Həm təhsil, həm də insanlıq dərsi verən müəllimlərim bizim həmişə qayğımıza qalıblar.

 

Mən ailəmin ilk övladı olduğum üçün onların xüsusi diqqətilə böyümüşəm. Həmişə hər bir ailə üzvüm məni ən yaxşısı ilə təmin etmək üçün çalışıblar. Bunların başında isə təhsil gəlib. Ali təhsil almış valideynlərim mənim də bunu əldə etməyim üçün çalışıblar. Ailəm mənim həyat müəllimim olub.

 

Universitetdəki ilk təəssüratlarım çox həyəcanlı idi. Çox böyük müsbət emosiyalarla qarşılaşdım. Universitetdəki gələcək fəaliyyətim haqqında isə planlarım çoxdur. Faydalı bir gənc olmağı ilk başda Vətənim üçün istəyirəm. Ulu öndər Heydər Əliyevin də dediyi kimi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Və mən azərbaycanlı olduğum üçün müvəffəqiyyətli bir şəxs olub ölkəmi yüksəltmək bir vətəndaş kimi mənim də borcumdur. İyirmidən çox ölkədə ispan dili danışıldığını nəzərə alaraq, qarşıma həmin iyirmidən çox ölkədə Vətənimin adını daha da yüksəltməyi məqsəd qoymuşam.”

 

Hazırladı: Ayna ƏLİYEVA,

ADU-nun Təhsil fakültəsinin 323 B qrupunun tələbəsi