XƏBƏRLƏR

Heydər Əliyev - 100. Heydər Əliyev və Azərbaycan mediası

09 oktyabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Mərkəzi tərəfindən “Heydər Əliyev və Azərbaycan mediası” adlı dəyirmi masa  keçirilib.

Tədbirin moderatoru,  Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva  medianın inişaf tarixi, informasiyanın əldə edilməsi üsullarının texniki tərəqqəsi ilə bağlı fikirlər söyləyib.

Regionşünaslıq kafedrasının müəllimləri Ülviyyə Hüseynova  “Heydər Əliyevin Azərbaycan mediasının inkişafında rolu” adlı çıxışında Ümummilli lider tərəfindən mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsi, söz və fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yarandığını söyləyib.

Regionşünaslıq kafedrasının müəllimi Xəyalə Ağayeva  “H. Əliyevin media dərsləri” mövzusunda çıxış edərkən Ulu öndər KİV-ləri cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid edərək onların aradan qaldırılmasına kömək edən qurum kimi dəyərləndirdiyini, jurnalistləri ədalətli olmağa, öz hüquqlarından sui-istifadə etməməyə, qərəzsiz və dəqiq yazmağa səslədiyini qeyd edib.

Tədbirdə “Ulduz” jurnalının baş redaktoru   Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti, şair, publisist, Qulu Ağsəs medianın, xüsusilə mətbuatın inkişafında H. Əliyevin əvəzsiz rolundan bəhs edib. Qonaq bildirib ki, 90-cı illərin əvvəllərində respublikada yaranmış gərgin  və xaotik vəziyyət Azərbaycan mətbuatından da yan keçməmişdi. Məhz, Ümummilli liderin gərgin səyləri nəticəsində Azərbaycan mediası bütün buxovlardan azad edilərək, dinamik inkişaf mərhələsinə qədəm qoyub.

“Ulduz” jurnalının nəşr şöbəsinin müdiri, yazar, publisist Taleh Mansur çıxışında qeyd eedib ki, müasir dövrdə medianın ən ümdə vəzifələrindən biri xarici dil bilən  gənclərin diqqətini cəlb etmək üçün yollar axtarılmasıdır.

BMR fakültəsinin dekanı prof. İ. Kazımbəyli tədbir iştirakçılarına, təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib, H. Əliyev ilə bağlı silsilə tədbirlərin bütün sahələrdə davamlı olaraq keçiriləcəyini xüsusi olaraq vurğulayıb.

Tədbirdə Ulu öndərin jurnalistlərlə görüşləri haqqında videoçarx nümayiş olunub.

Sonda tələbələrə “Ulduz”  jurnalının müxtəlif nömrələri hədiyyə edilib.