XƏBƏRLƏR

ADU-da Açıq Təhsil Mərkəzi öz işini davam etdirir

09 oktyabr, 2023

2023-cü ilin iyun ayında Rusiya Təhsil Nazirliyinin dəstəyi ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti tərəfindən Azərbaycan Dillər Universitetinin nəzdində yaradılmış Açıq Təhsil Mərkəzində sentyabrın 29-dan oktyabrın 2-dək Təhsil-1 fakültəsinin  tələbələri üçün iki tədris kursu həyata keçirilib.

“Mənəvi təhlükəsizlik kontekstində mədəniyyət kodları” adlı maarifləndirici kursun məqsədi tələbələrdə mənəvi təhlükəsizliyin təmin edilməsi kontekstində səmərəli ünsiyyət və mədəni əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi idi. Mühazirəçi fəlsəfə elmləri doktoru, professor M.M. Betilmerzayeva ilə qarşılıqlı əlaqə və kurs mövzuları üzərində müstəqil iş tələbələrə konstruktiv dialoq vasitələrini mənimsəmə və digər nöqteyi-nəzərlərə tolerant münasibət bəsləmə, öz mövqeyini formalaşdırma və ifadə etmə, habelə multikultural məkanda müxtəlif mədəni və sosial perspektivləri dərk etmə bacarıqlarının inkişafı imkanları qazandırmışdır.

“Stress və stressədavamlı davranış psixologiyası” adlı digər proqramın təlim nəticələri tələbələrə stressli halların diaqnostikası üsullarını və stress pozğunluqlarının aradan qaldırılması yollarını müəyyənləşdirmək istiqamətində bacarıqlar əldə etməyə imkan verdi. Psixologiya elmləri namizədi, dosent M.Z.Qaziyevanın rəhbərliyi ilə kurs iştirakçıları stress səviyyələrinin optimallaşdırılması üsulları, stressin neytrallaşdırılmasının ənənəvi və yeni üsulları ilə tanış oldular. 

Tədris proqramlarının uğurla mənimsənilməsi üçün əsas dərsliklərdən və kurs materiallarından ibarət tədris-metodik toplular hazırlanaraq dinləyici tələbələrin istifadəsinə verildi.