XƏBƏRLƏR

ADU-nun Açıq Təhsil Mərkəzində gələcək müəllimlər üçün ustad dərsi keçirilib

09 oktyabr, 2023

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən Açıq Təhsil Mərkəzinin elmi-metodik fəaliyyəti çərçivəsində Təhsil-1 fakültəsinin tələbələri üçün Çeçenistan Dövlət Pedaqoji Universitetinin “Ekoversitet” Yaradıcı Təhsil Mərkəzinin rəhbəri Alət Hacımuradova tərəfindən “Fasilitator – müəllimin yeni imici kimi” mövzusunda ustad dərsi keçirilib. Mühazirəçi dinləyiciləri fasilitasiya yanaşmasının mahiyyəti, fasilitasiyanın texnika və üsulları ilə tanış edib.

Müxtəlif  pedaqoji problemlərin həlli zamanı fasilitasiya təcrübələrinin tətbiqinin innovativ üsulları gələcək rus və digər dil müəllimlərində xüsusi maraq doğurub. Təlim iştirakçıları son onilliklərdə müəllimin dəyişən rolu və müasir dünyanın inkişaf tendensiyalarının buna təsiri, qrup müzakirələrinin təşkili və yaranan problemlərin fasilitasiyanın köməyi ilə  həlli yolları haqqında məlumat alıblar. Fasilitasiyanın keçirilmə mərhələləri, həmçinin “Açıq məkan”, “Dünya kafesi”, “Uolt Disney metodu” və “Hekayə lövhəsi” kimi  xüsusi fasilitasiya üsulları nəzərdən keçirilib.

Müzakirələr zamanı tələbələr belə qənaətə gəliblər ki, fasilitasiya metod və tərzlərini mənimsəmək müəllimə peşəkar ünsiyyət qurmağa və öyrənənin potensialını üzə çıxarmağa imkan verir. Məhz fasilitasiya kimi tədris prosesinin təşkilinə innovativ yanaşmalar sayəsində müəllimin yeni şəxsiyyəti biliklərin daşıyıcısı kimi deyil, öyrənənlərə etibar, etimad yolu ilə öyrənməyə kömək edir.