XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdulla Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

06 oktyabr, 2023

Oktyabrın 6-da Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Serbiya və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir. Bu əlaqələr özünü siyasi, iqtisadi, mədəni və elmi sahələrdə göstərməkdədir:  

“Bizim üçün böyük şərəfdir ki, Serbiya kimi dost ölkənin Parlament rəhbərliyini universitetimizdə qəbul edirik. Siz Serbiyadan bizə gələn ikinci yüksək dərəcəli rəhbərsiniz. Vaxtilə bizim universitetimizdə Serbiyanın prezidenti cənab Aleksandar Vuçiç də qonaq olub. Bu münasibətlə və onun iştirakı ilə universitetimizdə Serb dili və mədəniyyəti mərkəzinin açılış mərasimi də keçirilmişdi. Eyni zamanda cənab prezident Vuçiçin dəvəti ilə biz Belqrad Dövlət Universitetində qonaq olduq və orada Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılış mərasimində iştirak etdik. Həmin mərkəz bu gün də fəaliyyət göstərir, buna görə də cənab prezident Vuçiçə və sizə öz təşəkkürümüzü bildiririk. Cənab səfirə də öz təşəkkürümüzü bildiririk ki, həmin mərkəzin fəaliyyəti ilə yaxından maraqlanır.

Biz əlimizdən gələni etməyə hazırıq ki, liderlərimizin siyasi, mədəni münasibətləri, xalqlarımız arasında olan, dövlətlərimiz arasında olan, gənclərimiz arasında olan bu ünsiyyət, bu münasibət daha da inkişaf etsin”.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən qonaq öz təəssüratlarını bölüşüb. Bildirilib ki, görülən işlər olduqca diqqətə və təqdirəlayiq işlərdir:

“Bir ölkənin gələcəyini müəyyən edən gənclərlə işləmək, onları formalaşdırmaq çox məsuliyyətli və şərəfli bir işdir. Bu sahədə sizin gördüyünüz işlər xüsusi qiymətə və hörmətə layiqdir. İki ölkə arasında olan münasibətlərin inkişafında hər iki ölkə rəhbərliyinin xüsusi əməyi və töhfəsi vardır. ADU-da fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzi də bizim üçün çox əlamətdar və mühüm bir dəyərə malikdir. İnanıram ki, bu mərkəzlərin fəaliyyəti ölkələrimiz arasında olan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verəcəkdir”.

Görüşdə gələcək elmi-mədəni əlaqələrin yeni istiqamətləri, müəllim-tələbə mübadiləsinin imkanları müzakirə olunub.

Daha sonra Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç  ADU-nun Serb dili və mədəniyyəti mərkəzində olub, tələbələrlə görüşüb, mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.