XƏBƏRLƏR

Rusiyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub  

06 oktyabr, 2023

Oktyabrın 6-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Dillər Universitetinin qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Səfirə yeni işində uğurlar arzu edən rektor qarşılıqlı əlaqələrin yüksək etimad və inam üzərində qurulduğunu deyib.

Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında iqtisadi, siyasi və mədəni əlaqələr yüksələn xəttlə inkişaf etməkdədir:

“Bu gün əlaqələrimizin yüksələn xətlə inkişafı özünü bir sıra sahələrdə göstərməkdədir. Bu sahələrdən biri də elm və mədəniyyət sahəsidir. Biz bu sahədə olan əlaqərimizin daha da inkişaf etdirilməsində maraqlıyıq. Qarşılıqlı mədəniyyət və elm mərkəzlərinin fəaliyyət göstərməsi yeni elmi və mədəni əlaqələrin qurulması baxımından olduqca önəmlidir.

Belə əlaqələr sırasında bu yaxınlarda ADU ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında keçirilən əməkdaşlıq görüşlərini qeyd etmək olar. İnanırıq ki, bu kimi elmi görüşlər həm müəllimlərimiz, həm də tələbələrimiz üçün faydalı olacaqdır”.

Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən səfir elmi və mədəni əlaqələrin perspektivləri, yeni üfüqləri və imkanları haqqında danışıb. Qeyd olunub ki, qarşılıqlı şəkildə mədəni mərkəzlərin fəaliyyəti müsbət haldır. Dillərin öyrənilməsi və istifadə imkanlarını müzakirə edən qonaq Azərbaycan dilinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, Azərbaycan və rus dillərinin qarşılıqlı şəkildə öyrənilməsi əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından mühüm önəm kəsb edir.  Görüşdə hər iki dilin – həm Azərbaycan, həm də rus dilinin öyrənilməsi və tədqiqi yönündə dərsliklərin hazırlanması, mütəxəssislər tərəfindən dərslərin keçirilməsi məsələləri, həmçinin Rusiyada fəaliyyət göstərən universitetlərlə ADU arasında elmi əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub.

Daha sonra universitet kollektivi adından səfirə xatirə hədiyyəsi təqdim olunub, qonaq ADU-nun Rusiyaşünaslıq Mərkəzi və Heydər Əliyev Lektoriyası ilə tanış olub.