ADU-nun rektoru Kamal Abdullanın Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki
Əziz müəllimlər!
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, könül xoşluğu arzu edirəm.
Müəllim təkcə öyrətməklə yox, həm də öyrənməklə məşğuldur. Qədim latın ibarəsində belə deyilir: “Docendo discimus”. Yəni, “Öyrədərək öyrənirəm”.
Bu ibarədən çıxış etsək, deyə bilərik ki, bu gün yalnız müəllimlərin peşə bayramı deyil, eyni zamanda hər bir tələbənin də peşə bayramı sayıla bilər.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı.
Ulu öndər deyirdi: “Mən dünyada müəllimdən yüksək ad tanımıram. Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”.
Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə böyük qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Müzəffər Ali Baş Komandanımız qeyd edir ki, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunub.
Əziz müəllimlər, sizi bir daha təbrik edirəm. Bayramınız mübarək!
Dərin hörmətlə, akademik Kamal Abdulla
Azərbaycan Dillər Universitetinin rektoru