XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində Konfutsinin doğum günü qeyd olunub

02 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Konfutsi İnstitutları günü, eləcə də qədim Çin mütəfəkkiri və filosofu Konfutsinin ad gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, “Bir kəmər-bir yol” Çin təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. O, qonaqlara Konfutsi İnstitutunun Çin dili və mədəniyyətinin məşhurlaşması üzrə fəaliyyəti, ADU-nun rəsmi tərəfdaşı sayılan Xuçjou Universitetinin təhsil sahəsindəki əlaqələri, Çin dili kurslarına qəbul və tədris qaydaları, Çində təcrübə və tədrisin müxtəlif proqramları ilə tanış edib.

R.Abbasov Azərbaycanda ibtidai və orta məktəblərdə Çin dilinin tədrisi və Çin mədəniyyətinin təbliği ilə bağlı Konfutsi İnstitutunun planlarından danışıb. O, Konfutsinin həyatının tarixindən, Konfutsi elminin inkişafının əsas mərhələlərindən, kateqoriyalarından və prinsiplərindən, konfutsiçiliyin etik-siyasi təlimlərindən, konfutsiçiliyin müasir Çinin təhsil və elminin inkişafına təsirindən danışıb.  R.Abbasov həmçinin Konfutsinin təhsilə, təbiətlə insan arasındakı harmoniya anlayışına və müstəqil düşüncənin inkişafına dair məşhur kəlamlarını xatırladıb.

ADU-nun Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı, Çin kağız kəsimi və incəsənəti, Çin şahmatı, düyün vurulması sənəti sahələrində ustad dərsləri keçiriblər. ADU-nun tələbələrinin ifasında ənənəvi Çin mahnıları səsləndirilib, Çin  rəqslər  və gimnastikası Tay ciçuan elementləri nümayiş etdirilib. Bayram çərçivəsində ənənəvi Çin oyunları təşkil edilib. Sonda ənənəvi Çin çay mərasimi təşkil edilib. Qonaqlara ənənəvi bayram yeməyi – evdə firavanlıq və xoşbəxtlik rəmzi sayılan Ay şirniyyatı təqdim olunub. Seminar Konfutsinin kəlamlarına dair viktorina ilə başa çatıb.