XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdulla beynəlxalq forumda çıxış edib

28 sentyabr, 2023

Çeçenistan Dövlət Pedaqoji Universitetində (ÇDPU) 26-28 sentyabr 2023-cü il tarixlərində "Sərhədsiz rus dili: MDB ölkələrində rus dilinin saxlanılması və möhkəmləndirilməsi vəziyyətinin aktual problemləri" mövzusunda beynəlxalq forum keçirilib. ÇDPU-nun rektoru, dosent İsmayıl Bayxanov forum iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Sonra onlayn formatında söz Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya verilib. O, Azərbaycanda rus dilinin rolu və hazırkı vəziyyəti məsələsinə öz münasibətini bildirib.

Akademik Kamal Abdulla Azərbaycan Respublikasında rus dilinin xarici dil kimi saxlanılması ilə bağlı Ulu öndər Heydər Əliyevin, prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gördükləri işlər barəsində məlumat verib.
Beynəlxalq forumun mühüm bir bölməsi Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyevin multikulturalizm ideologiyası Azərbaycanda çoxdilli və çoxmədəniyyətli təhsilin əsası kimi" mövzusuna həsr olunub. Sözügedən bölmənin iclası bu ilin iyun ayında akademik Kamal Abdullanın təşəbbüsü və qayğısı ilə ÇDPU-da açılmış Azərbaycan mədəniyyəti mərkəzində baş tutub.

Foruma dəvət almış ADU-nun əməkdaşları - Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov "Heydər Əliyev və Qafqazda milli -mənəvi dəyərlər", Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova "Heydər Əliyev və ümumi Qafqaz evi" mövzularında çıxış ediblər.