XƏBƏRLƏR

ADU-da Anım Gününə həsr olunmuş “Zəfər yolunda” adlı tədbir keçirilib

27 sentyabr, 2023

Azərbaycan Dillər Universitetində (ADU) 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə universitetin əməkdaşları, müəllimləri və tələbələr iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

ADU-nun rektoru akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, 27 sentyabr gününün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu gün Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub:

“Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam olaraq bərpa edib. Bu böyük bir tarixi uğurdur və gələcəkdə Azərbaycanın daha parlaq və işıqlı bir dövlət kimi mövcudluğunun təminatçısıdır. Bu tarixi hadisə dünya xalqlarına çatdırılması və Azərbaycanın haqq işinin hər kəsə məlum olması baxımından önəmlidir.

Biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu borcu öz işimizdə, layiqli xidmətimizlə göstərməliyik. İnanıram ki, hər birimiz bu böyük tarixi günün əhəmiyyətini və məsuliyyətini  dərk edib, Azərbaycanın daha da inkişaf etməyinə təkan verəcəyik.

Bizim qayəmiz ancaq və ancaq bir olmaldır: Azərbaycan, Azərbaycan, Azərbaycan! Biz, Azərbaycan bayrağına, Azərbaycan himninə, Azərbaycan Prezidentinə layiq olmalı, üzərimizə düşən məsuliyyəti daha dərindən dərk etməliyik”.

ADU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov günün tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizə rəhmət diləyib.

Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova Vətən müharibəsi və bir gün çəkən  Azərbaycan ordusunun uğurlu anti-terror əməliyyatından söz açıb, qələbəni birlik sayəsində əldə etdiyimizi qeyd edib:

“Bu gün 27 sentyabr anım günüdür.  Hər iki tarixi- 27 sentyabr və yaxın tarixdə baş verən 1 günlük antiterror əməliyyatını yad edirik. Hər iki tarixdə də qələbə əldə etdik. Bu münasibətlə hər birinizi təbrik edirəm!  24 saat 43 dəqiqə çəkən antiterror əməliyyatı zamanı Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu suvereniliyimizi beynəlxalq hüquqa əsəslanan əməliyyatlar keçirərək bərpa etdik.  Bəli, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu hər şeyə qadirdir. Həmçinin Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasına daxildir. Bu gün tarixi ədalət qalib gəldi. Bunun da əsasında birlik durur. Daha dəqiq desək, Prezident-Xalq-Ordu birliyi. Yumruğa çevrilən, Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi həm 44 günlük Vətən müharibəsi, həm də antiterror əməliyyatı zamanı bunu bir daha sübut etdi.”

Tədbir zamanı Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva şəhid bacısı olduğunu söyləyib, müharibə haqqında müəllifi olduğu şeiri səsləndirib.

Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı 1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı haqqında xatirələrini bölüşüb. O, həmçinin hazırkı dövrdə informasiya savaşının önəmindən söz açıb, gənclərə sosial şəbəkələrdən düzgün istiqamətdə faydalanmağı tövsiyə edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayev çıxışında 44 günlük müharibənin yeni dövrün başlanğıcı olduğunu,  əldə etdiyimiz qələbənin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyev tərəfindən isə layiqli davam etdirildiyini bildirib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Şəhidlik anlamı” mövzusunda çıxış edib.  Qeyd olunub ki, Azərbaycan ərazi bütövlüyünün bərpası və suverenliyinin qorunub saxlanılması mühüm tarixi məsələdir. Bildirilib ki, şəhidlərin əziz ruhu qarşısında hər birimiz baş əyir, dərin hörmət və ehtiramımızı bildiririk.

Tədbirdə tələbələrin ifasında Anım Günü ilə bağlı “Qələbəyə gedən yollar” adlı şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olunub.