ADU-da birinci kurs tələbələri ilə növbəti görüşlər keçirilib
Sentyabrın 20-də Azərbaycan Dillər Universitetində Təhsil-1, Təhsil-2 və Tərcümə fakültəsinə qəbul olan birinci kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə prorektorlar, müəllim-tələbə heyəti iştirak edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla birinci kurs tələbələrini salamlayıb, onları tələbə adını qazanmaları münasibətilə təbrik edib. Ən yüksək bal toplayan tələbələrə hədiyyə təqdim olunub.
Qeyd olunub ki, bu il ADU-ya qəbul planı ilk dəfə olaraq 98 faiz olub. Bu da ADU-nun son illər yüksələn təhsil səviyyəsindən və elmi nüfuzundan xəbər verir.
Bildirilib ki, ADU bu il beynəlxalq təhsil reytinqi olan QS reytinq cədvəlində 1600 universitet arasından 300-cü yerə layiq görülüb. Bu Azərbaycan təhsil tarixində bir ilkdir. Müasir dillər üzrə bu nəticənin əldə olunması mühüm tarixi hadisədir:
“Bu gün siz gənclərin bilikli, savadlı, vətənpərvər olması üçün bütün varlığınızla, bütün inamınızla çalışmağınız çox vacibdir. Hər kəs öz işini ləyaqətlə və böyük sevgiylə görməlidir. Biz tarixi günlərə şahidlik edirik. Bu tarixi günlərə siz də öz töhfənizi verə bilərsiniz. Bu töhfə yüksək səviyyədə təhsillə, elmlə, savadla verilə bilər. Sizin üzərinizə düşən məsuliyyətin digər bir adı isə vətənpərvər vətəndaş kimi formalaşmağınızdır. ADU sizin doğma eviniz, müəllimləriniz isə valideynləriniz olacaq. ADU-da bir sıra maraqlı layihələr, görüşlər, müəllim-tələbə mübadiləsi həyata keçirilir. Sizlər də bu tədbirlərin bir parçası olacaqsınız. Bu tədbirlər sizin dünyagörüşünüzə müsbət təsir göstərəcək. “Bir günlük xəlifə”, “Səfir saatı” kimi tədbirlər hər birinizin bilik və bacarığınıza, gələcək həyatınıza öz təsirini göstərəcək. İnanıram ki, siz ADU ilə, ADU da sizlə bərabər böyüyəcək”.
ADU-nun Sosial məsələlər üzrə prorektoru, millət vəkili Tamam Cəfərova, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova, Elmi işlər üzrə prorektor Novruz Məmmədov tələbələrə təhsil və karyera imkanaları haqqında məlumat verib. Bildirilib ki, bu gün gənclər üçün kifayət qədər geniş elmi imkanlar mövcüddur.
Qeyd olunub ki, ADU-da tələbələr üçün yüksək səviyyədə elmi baza yaradılıb. Bu elmi baza hər bir tələbə üçün əlçatandır.
ADU-nun MHİK-nin sədri Misgər Məmmədov, Tərcümə araşdırmaları elmi-tədqiqat laboratoriyasının müdiri, tərcüməçi, professor Qılıncxan Bayramov, Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri, dosent Tamilla Əmirova, Təhsil-1 fakültəsi nəznində İngilis dilinin qrammatikası kafedrasının müdiri, professor Arif Hüseynov, Təhsil-2 fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə Sadıxova, Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova, Nəsimi rayon Ərazi Partiya təşkilatının sədri, tarix elmlər doktoru Qorxmaz Mustafayev, Elmi Kitabxana İnformasiya Xidməti Mərkəzinin rəhbəri Cəmilə Əliyeva tələbələri təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzu ediblər.
Daha sonra fakültələr üzrə ən yüksək nəticə göstərən tələbələr mükafatlandırılıb.
Görüş tələbələrin sualları ilə davam edib.