XƏBƏRLƏR

ADU-nun nümayəndə heyəti Çində beynəlxalq konfranslarda iştirak edib

20 sentyabr, 2023

Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti Xarici Dillər Universitetləri Beynəlxalq Assosiasiyasına daxil olan Şanxay Xarici Dillər Universitetinin 75 illiyinə həsr olunmuş ali təhsil müəssisələri rektorlarının dördüncü iclasında iştirak edib.

ADU-nun nümayəndə heyəti Şanxay Xarici Dillər Universitetinin prezidenti Li Yansunq ilə görüşmüş, iki universitet arasında elmi əməkdaşlıq və təhsil mübadiləsinin perspektivlərini müzakirə ediblər. 

Süni intellekt dövründə xarici dillərin tədrisinin məqsəd və vəzifələrinə həsr olunmuş konfransda Çinin aparıcı universitetlərinin rektorları ilə yanaşı, Bolqarıstan, Yaponiya, Şri-Lanka, Özbəkistan, Portuqaliya, Ukrayna, Rusiya, Meksika, Koreya, Tailand və digər ölkələrdən gəlmiş nümayəndələr də iştirak ediblər. Plenar iclasda çıxış edən ADU-nun rektorunun multikulturalizm üzrə müşaviri professor Qaley Allahverdiyev universitetdə xarici dillərin tədrisi prosesində fənlərarası yanaşmanın, o cümlədən süni intellektin tətbiqi sahəsində ADU-nun təcrübəsindən, dil təliminin səmərəliliyini daha da artırmaq məqsədilə bu sahədə həyata keçirilən innovativ layihələrdən danışıblar.

İclasda ADU-nun təsisçi üzv olduğu Beynəlxalq Xarici Dillər Universitetləri Assosiasiyasının 2023-2025-ci illər üçün inkişaf planı da qəbul edilib.  ADU-nun nümayəndə heyəti xarici dillərin və xarici ölkələr ədəbiyyatının öyrənilməsi, həmçinin xarici regionşünaslıq sahəsində fundamental tədqiqatlara həsr olunmuş bölmə iclaslarında da iştirak ediblər. Universitetin nümayəndələri Pekində Ölkə və Regional Araşdırmalar Konsorsiumu və Pekin Xarici Dillər Universitetinin təşkilatçılığı ilə “Kəmər və Yol” təşəbbüsünün 10 illiyinə həsr olunmuş “Bəşəriyyətin ortaq taleyi cəmiyyəti: çağırışlar və gələcək” adlı beynəlxalq konfransda da iştirak ediblər. Plenar iclaslarda çıxış edən YUNESKO-nun, Çinin, Latın Amerikası ölkələrinin, Afrikanın, Yeni Zelandiyanın universitet və tədqiqat mərkəzlərinin nümayəndələri mədəniyyətlərarası ünsiyyət, sosial-iqtisadi inkişaf, qlobal sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılması istiqamətlərində, həmçinin ölkəşünaslıq və regionşünaslıq üzrə elmi jurnalların nəşri ilə əlaqədar Çin və qlobal Cənub ölkələri ilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və çağırışları ilə bağlı məsələləri müzakirə ediblər.

Konfranda eyni zamanda dil təhsili, dilin tədqiqi və qorunması, kadr təminatına innovativ yanaşmalar və dil xidmətləri sahəsində intellektual texnologiyalarla bağlı qlobal əməkdaşlığı təşviq etmək məqsədi ilə dil xidmətləri sahəsində qlobal platformanın birgə yaradılması təşəbbüsü qəbul edilib. 

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Şanxay və Pekində keçirilən konfrans iştirakçılarına  Azərbaycan Dillər Universitetində Çin dilində nəşr olunmuş, Azərbaycan-Çin əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik münasibətlərin yaranmasının 30 illiyi. Prezident xronikası”, “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısıdır”, “Heydər Əliyev-100. Çin səfərinin tarixi” kitablarını hədiyyə edib.