XƏBƏRLƏR

ADU-da BM və Regionşünaslıq fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib

20 sentyabr, 2023

Sentyabrın 19-da Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə universitet prorektorları, müəllim-tələbə heyəti iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla birinci kurs tələbələrini salamlayıb, onları tələbə adını qazanmaları münasibəti ilə təbrik edib. Qeyd olunub ki, ADU-nu seçən tələbələr öz seçimlərində yanılmayıb, tələbələrimiz əlverişli təhsil imkanlarından yararlanmaqla öz bilik və bacrıqlarını daima artıracaqlar:

“ADU-nu seçməklə siz yeni biliklərə yiyələnib, ixtisasınız üzrə peşəkar kadrlara çevriləcəksiniz. Bu gün ADU QS dünya reytinqində 1600 universitet arasında 300-cü yeri tutur. Bu böyük bir uğurdur. Bu Azərbaycan təhsili tarixində mühüm bir hadisədir. İnanıram ki, sizlər də bu tarixi uğurun bir hissəsi olmaqla mühüm hadisənin iştirakçılarına çevriləcəksiniz. Bu gün qalib xalq kimi bizim üzərimizə böyük məsuliyyət düşür. Bu məsuliyyəti biz dərk etməliyik. Öz elmi bacarığımız, təhsil uğurlarımızla dövlətimizə, şəhidlərimizə, qazilərimizə, prezidentimizə layiq olmalıyıq. İnanıram ki, bu məsuliyyəti dərk edib, elm və bilik  yolunda yorulmadan çalışacaqsınız”.

ADU-nun BM və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib, birinci kurs tələbələrini tələbə adını qazanmaları münasibəti ilə təbrik edib.

Qeyd olunub ki, fakültə üzrə dərslər müasir metodlara uyğun şəkildə keçirilir, tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində zəruri tədbirlər görülür.

ADU-nun İctimaiyyətlə əlaqələr və Sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova və Tədris işləri üzrə prorektor Sevinc Zeynalova tələbələrə tədris və təlim strategiyaları ilə bağlı məlumat verib.

Qeyd olunub ki, tələbələr müasir dünyanın tələblərinə uyğun olaraq sosial aktivlik nümayiş etdirməli, dövlətçilik, vətənpərvərlik ruhunda təhsil almalıdır.

Daha sonra fakültə üzrə ən yüksək nəticə gösətərən birinci kurs tələbəsi Firuzə Əzizova mükafatlandırılıb.  

Görüş tələbələrin sualları ilə davam edib.