XƏBƏRLƏR

ADU-da birinci kurs magistrlarla görüş keçirilib

19 sentyabr, 2023

Azərbaycan Dillər Universitetində (ADU) birinci kurs magistrlarla görüş keçirilib. Görüşdə prorektorlar, müəllim-tələbə heyəti  iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla birinci kurs magistrları təbrik edib, onlara elm yolunda uğurlar arzu edib.

Qeyd olunub ki, birinci kurs magistrların üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət elm yolunda ilk addımların atılması ilə başlayır:

“Siz böyük məsuliyyət yolunda və elmi uğura doğru ilk addımlarınızı atırsınız. Bu addımlarınız səbrlə, əzmlə, ləyaqətlə və yorulmadan çalışmaqla sizi bütövləşdirəcək. Bu gün Azərbaycan gəncliyinin üzərində son dərəcədə böyük etimad və məsuliyyət var. Bu etimad və məsuliyyət özünün təkcə düşmənlə üzbəüz cəbhədə yox, həm də elm cəbhəsində uğur qazanmaqla göstərməlidir. Sizin bilikli, savadlı olmağınız eyni zamanda dövlət və dövlətçiliklə, vətənpərvərliyinizlə həmahənglik təşkil etməlidir. Bu hər biriniz üçün ali məqsəd, ali hədəf olmalıdır”.

ADU-nun Magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva ilk dərsin məhz bu cür təşkil olunmasına görə rektora təşəkkürünü bildirib, yeni elmi biliklərin və təcrübə imkanlarının tələbələrə dərindən aşılanması istiqamətində əzmlə çalışacaqlarını bildirib:

“Azərbaycan Dillər Universitetini seçən, magistr adını qazanan bütün tələbələri ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər, gələcək karyeralarında uğurlar arzu edirəm. Universitetimiz əmək bazarındakı dayanıqlığın təmin olunması istiqamətində daima zəruri addımlar atır. Hər tədris ilində dövrün tələblərinə uyğun yeni və müasir ixtisaslar tələbələrin seçiminə verilir”. 

Qeyd olunub ki, bu görüş tələbələr üçün motivasiya xarakterli olmaqla yanaşı, həm də xoş bir xatirədir.