XƏBƏRLƏR

ADU-nun müəllimi Azərbaycan Beynəlxalq Elmi Araşdırmalar Konfransında iştirak edib

18 sentyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova Şəkidə ADPU-nun Şəki filialı, AMEA Folklor İnstitutu Dədə Qorqud şöbəsi və İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkil etdiyi Azərbaycan Beynəlxalq Elmi Araşdırmalar Konfransında iştirak edib.

Bildirilib ki, konfransda Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarından, dünyanın müxtəlif ölkələrindən, eləcə də Türkiyə Respublikasından alim və ziyalılar iştirak ediblər.

Şəfa Əbdürrəhimova konfransın bölmə iclasında “Fransada iudaizmin yayılması tarixi və inkişafı” mövzusunda çıxış edib. Çıxışı zamanı o, tarixən yəhudilərin müasir Fransa ərazisində, xüsusilə şərq regionlarında əsaslı şəkildə məskunlaşmalarından, IV Gözəl Filip, o cümlədən Napoleon dövründə, I və II Dünya müharibələri zamanı yəhudilərə qarşı münasibətdən bəhs edib.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.