XƏBƏRLƏR

Azərbaycanın cənnət şəhəri - Şuşa

14 sentyabr, 2023

Hələ məktəb vaxtlarımızda dərsliklərdən Qarabağ haqqında oxuyur, onun işğal tarixlərini öyrənərdik. Amma heç vaxt düşünməzdim ki, bir gün mən tələbə olanda o torpaqların azadlığının şahidi olacam, həmin səfalı şəhərlərdən biri olan Şuşaya səfərlər edəcəm.  

Şuşaya ilk səfərim könüllü kimi ekoaksiya vaxtı olub. Aksiyanın ilk günləridə könüllü dostlarımızla orda yorulmadan, fəxr və qürur hissi ilə iştirak etmişik.  

Şuşaya olan ikinci səfərim Milli Mətbuat Günündə “Şuşa Qlobal Media Formu” çərçivəsində baş tutdu. Həmin tədbir müddətində xarici KİV nümayəndələri ilə yaxından tanış olmaq və onları Şuşanın gözəlliyi ilə tanış etmək qürurlu və eyni zamanda məsuliyyətli bir iş idi. Forumda yerli Azərbaycan media nümayəndələri ilə yanaşı xarici media nümayəndələri ilə də yeni tanışlıqlar qurub əlaqələr yaratdıq. Və bu forum sayəsində özüm daxil olmaqla neçə-neçə jurnalist tələbə sahəmiz üzrə yeni bilgilər əldə etdik.

Növbəti dəfə isə "Şuşa jurnalist tələbələrin gözü ilə" layihəsi çərçivəsində  Şuşada qonaq oldum. Artıq mənim Şuşaya 3-cü səfərimin olmasına baxmayaraq, hər dəfə o uzaq yolu ayrı bir qürur və sevgi hissi ilə qət edirəm.

Səfərdən 2 həftə öncə belə bir layihə ilə qarşılaşdım və mənim çox marağımı çəkdi. Onun haqqında araşdırmağa başladım. Müəyyən məlumatlar əldə etdikdən sonra isə mən də bu layihəyə qoşuldum. Qeydiyyat və müsahibə mərhələsi bitdikdən sonra Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 3-5 sentyabr tarixlərində “Şuşa Tələbələrin Gözü ilə” layihəsi reallaşdı.

Sözügedən layihə hüquqşünas, diplomat, memar və jurnalistika ixtisasları üzrə təhsil alan 180 nəfər yerli və xarici – fransız, türk, yapon tələbələri Şuşada bir araya gətirdi.

Səfər zamanı Şuşa İcra Hakimiyyətinin binası, Xan qızı Natəvan bulağı, İgidlər oylağı Cıdır düzü, Şuşa qalası və Vaqifin məqbərəsini ziyarət etdik. Biz- tələbələr Azərbaycanın mədəniyyət beşiyi - Şuşanın füsunkar təbiətini izləməkdən zövq aldıq və genişmiqyaslı quruculuq, yenidənqurma və bərpa işlərini müşahidə etdik. Layihədə yerli tələbələrlə birgə xarici tələbələr də Qarabağın tarixi və mədəni inkişafı haqqında məlumatlar əldə etdilər.

Layihənin məqsədi isə Azərbaycanda təhsil alan, müəyyən kriteriyalar əsasında seçilmiş istedadlı gənclərin ölkəmizdə gedən proseslərə müsbət təsirinin artırılması, tələbələrin Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi, Şuşaya qayıdış prosesində həvəsləndirilməsi və iştirakı ilə yanaşı əcnəbi tələbələrin Şuşanın tarixi və mədəni abidələri və işğaldan azad olunduqdan sonra orada aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsidir.

Fikrimcə, belə layihələr tez-tez təşkil olunmalı və bütün tələbələr Şuşanın tarixi və mədəni gözəlliyi ilə tanış olmalıdır.

Bəli, illərdi həsrətində olduğumuz Şuşa bu gün azaddır.

Şuşa tarixən təhsil, maarifçilik, musiqi, mədəniyyət mərkəzi olub. Vətən müharibəsində isə həm də qəhrəmanlığın zirvəsi oldu. Şuşanın əvvəlki gözəlliyini bərpa etmək üçün illər tələb olunsa da, heç şübhəsiz, bu iş tamamlanacaq. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi əbədi olaraq tarixə yazılacaq.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına “Şuşa Tələbələrin Gözü ilə” layihəsini təşkil etdiyi üçün dərin təşəkkürümü bildirir və bu cür layihələrin davamlı olmasını arzulayıram.

Yeni səfərlərədək, əziz Şuşa!

Abbasova Leyla,

ADU-nun Beynəlxalq jurnalistika ixtisasının tələbəsi