XƏBƏRLƏR

ADU-nun müəllimləri ixtisasartırma kurslarında iştirak ediblər

11 sentyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU)  Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının 4 müəllimi bu ilin yay aylarında müxtəlif şəhərlərdə ixtisasartırma kurslarında iştirak ediblər.

Bildiyimiz kimi, Azərbaycan Dillər Universiteti “QS (Quacquarelli Symonds) 2023” sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World Unıversıty Rankıngs) cədvəlində “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub. Bu fakt universitet kollektivinin hər bir üzvü üçün qurur vericidir. Eyni zamanda, bu uğur bizim hər birimizin məsuliyyətini daha da artırır, qarşımıza yeni hədəflər, yeni üfüqlər qoyur.

Tədrisin keyfiyyəti müəllimlərin peşəkarlığından, mütəmadi olaraq yeni metodlarla tanış olmaq və onları auditoriyada tətbiq etmək bacarığından asılıdır. Bu nöqteyi nəzərdən, müəllimlərin ixtisasartırma kurslarında iştirakı çox önəmlidir.

Yay ayları Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müəllimləri üçün səmərəli keçdi. Birinci təlimdə kafedranın baş müəllimi Əzizə Məmmədova Fransız İnstitutu tərəfindən təşkil olunan "Village français"-də iştirak edib. 75 fransız dili müəlliminin iştirak etdiyi təlim 25-30 iyun 2023-cü il tarixlərində Quba rayonunun Qəçrəş kəndində baş tutub. Peşəkar təlimçilər Amandin Ketel, Fabris Planson, Floranc Davion müəllimlərimizi fransız dilinin tədrisində yeni orijinal yanaşma ilə tanış ediblər.

Digər təlimlər Fransanın müxtəlif şəhərlərində təşkil olunmuşdur. Kafedramızın baş müəllimi, fil. f. d. Aygün Məqami APFAZ tərəfindən təşkil olunan layihə çərçivəsində, 14-25 iyul 2023-cü il tarixlərində Fransanın Qrenobl şəhərində yerləşən Stendal Universitetində pedaqoji təcrübədə iştirak edib, fransız dili və mədəniyyəti ilə bağlı biliklərə yiyələnərək sertifikata layiq görülüb.

Qeyd edək ki, Stendal Universitetində ADU-nun rektoru akademik Kamal Abdullanın, prof. Gülnara Sadıxovanın və digər müəllimlərin tərtib etdikləri “Azərbaycanı tanıyaq” adlı kitabın təqdimatı böyük maraqla qarşılanıb.

Kafedranın baş müəllimi Kəmalə Kərimova 22 iyul - 04 avqust Fransanın Nitsa şəhərində Frankofoniya yay universitetində (Université d’été Francophonia)  ixtisasartırma kurslarında iştirak edib. “Hamıdan öyrənmək, birlikdə bilmək”(Apprendre de tous, savoir ensemble) devizini öz fəaliyyətinə əsas meyar seçən bu universitet, dünyada 300 – dən çox tərəfdaşla çalışır. Fransız dilini əsas (FLE) və ikinci dil (FLS) kimi tədris edən müəllimlər, burada 140-a yaxın modullar üzrə kurslarda iştirak edə bilərlər. Bu yay məktəbi dünyada fransız dilini qabaqcıl metodlarla tədris edən təcrübəli təlimçiləri cəlb edir. Təlimçi müəllimlər öz təcrübələrini kursa gələn müəllimlərə öyrətməklə yanaşı, onların da öz auditoriyalarında tətbiq etdikləri təcrübəni paylaşmaq imkanı yaradırlar. Universitet müəllimlərə təkcə fransız dilində olan bilik və bacarıqlarının mübadiləsini deyil, digər mədəniyyətlərə inteqrasiyanı da təbliğ edir. K.Kərimova yay məktəbində 50 saat həcmində 4 müxtəlif modul üzrə kursda iştirak edərək sertifikat alıb.

K.Kərimova: “Düşünürəm ki, yay məktəbində öyrəndiklərimi fransız dilinin tədrisi zamanı dil və ədəbiyyatın simbioz inkişafı problemləri, tələbələrin şifahi özünüifadəyə ilhamlandırılması, bilik və bacarıqların öyrənilməsinin inkişaf etdirilməsi zamanı onların pozitiv qiymətləndirilməsinə meyllilik, dilin öyrənilməsi zamanı bədii nümunələrin analizi və onların sərbəst yaradılmasına yönəlik öz hekayəsini yarada bilmək və s. bacarıqların aşılanması yönümündə tətbiq edə biləcəyəm. Təvəzökarlıqdan kənar olsa da, fransız dili sahəsində şəxsi təcrübə paylaşımlarımla, ölkəmizdə fransız dilinin tədrisi haqqında yüksək fikir formalaşdırmağa çalışdım. Həmçinin, universitetin ənənəvi Qala gecəsində dünya ölkələrinin təqdimatı sırasında Azərbaycanın maddi və mənəvi dəyərlərini yüksək tutan nitqlə çıxış etdim. Qurani – Kərimdə Məhəmməd Peyğəmbər əbəs yerə deməyib “Qəbir evinədək elm öyrənin”. Bu mənada keçdiyim yay kursu həm özünəinam, həm də mənəvi zənginləşmə yönümündən yaddaqalan təcrübələrimə çevrildi və insanın biliklərini xəsislik etmədən, sərhədsiz şəkildə paylaşmasının bir mədəni məktəb olduğunu təsdiqlədi”.

Kafedranın  digər əməkdaşı- baş müəllim Xatirə Qarazadə 29 iyul – 09 avqust 2023-cü il tarixlərində Azərbaycan Fransız dili Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Paris şəhərində fransız dilli müəllimlər və tələbələrlə birlikdə fransız dili kursunda iştirak edib. Layihə çərçivəsində France Langue Dil Tədris Mərkəzində fransız mütəxəssisləri tərəfindən xarici dil tədrisində Fransada geniş tətbiq olunan  “fəaliyyətyönümlü yanaşma”  metodu ilə “Müasir fransız dili və sivilizasıyası” dərsləri təşkil olunmuşdur.

X. Qarazadə: “Respublikanın müxəlif təhsil müəssisələrini əhatə edən nümayəndə heyətimiz layihə zamanı tək fransızlarla deyil, dünyadan gələn frankofon müəllim və  tələbələrlə ünsiyyət qurmaq imkanı qazandı. Kursun ilk dərs günü fransız dilində “Azərbaycan mədəniyyəti və sivilizasiyası” barədə qısa video çarxın müşayiəti ilə ölkəmiz, Respublikanın əsas xarici dil ixtisas universiteti olan ADU və fransız dili tədris olunan digər tədris müəssisələri haqqında məlumat verdik.

Növbəti gün isə Azərbaycandan apardığımız təamlarla Azərbaycan mətbəxi və onun milli adət-ənənələrə söykənən rəngarəngliyini qrupda təqdim etdik. Hər günün ikinci yarısı isə layihə iştirakçıları ilə Parisin görməli yerləri və mədəniyyət abidələri, onların tarixi ilə tanış olduq.

Daha sonra 03 avqust tarixində AFMA-nın təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət evində “Gənclər” layihəsinin iştirakçıları ilə öncədən  planlaşdırılmış görüş oldu. Azərbaycan Mədəniyyət evində bizi Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova çox səmimi qarşıladı, mərkəzlə yaxından tanış etdi və bizimlə dəyirmi stol arxasında mərkəzin tarixi, yerləşdiyi binanın tarixi, iş prinsipləri və s. barədə maraqlı fikir mübadiləsi apardı. Bu layihənin iştirakçıları, gənc müəllim və tələbələr, nəinki auditoriyada, dərs prosesində,  eyni zamanda görüşlər, gəzintilər, sivilizasiyanın kəşfi zamanı, əsl fransız dili mühitində, canlı ünsiyyətdə olaraq bildiklərini tətbiq etməklə yanaşı, fransız dili üzrə dil bacarıqlarını təkmilləşdirdilər”.

Qeyd edək ki, müəllimlərimizin ixtisasartırma kurslarında iştirakı Azərbaycan Fransız dili müəllimləri assosiasiyası (APFAZ) tərəfindən təşkil olunub.

 

 

 

Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri

prof. Gülnara Sadıxova