XƏBƏRLƏR

ADU-nun Bakı Amerika Mərkəzində sertifikat təqdimetmə mərasimi keçirilib

11 sentyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində American English Live 17-ci vebinar seriyasının sertifikat təqdimetmə mərasimi keçirilib.

Tədbirdə ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, millət vəkili Tamam Cəfərova, ABŞ Səfirliyinin Mədəniyyət üzrə Attaşesi Hacı Salman, ABŞ-nin Azərbaycandakı səfirliyinin Müvəqqəti İşlər Vəkilinin müavini Endrü Bördi, Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva və respublikanın müxtəlif orta məktəblərindən və universitetlərindən olan müəllim və tələbələr iştirak ediblər.

Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva tədbirin mahiyyətindən söhbət açıb. Qeyd olunub ki, müəllimlərin təkmilləşdirilməsi üçün keçirilən təlimə böyük maraq göstərilib. Bildirilib ki, həm Bakıdan, həm də Azərbaycanın müxtəlif regionlarından 300-ə yaxın müəllim təlimdə iştirak edib. Ümumiyyətlə, son beş ildə minə yaxın müəllim İngilis dilinin yeni tədris metodlarından faydalanıb. 

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, millət vəkili Tamam Cəfərova tədbir iştirakçılarını salamlayıb, təlimin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, ADU-nun nəznində fəaliyyət göstərən Amerika mərkəzi bir sıra uğurla layihələr keçirməklə tədrisin keyfiyyətinin artırılmasına və pedaqoji heyətin peşəkarlığının yüksəldilməsinə nail olub. Belə təlimlərdən biri də öz işini uğurla başa vurub. Bildirilib ki, müəllimlərin yeni tədris metodları və strategiyaları ilə tanışlığı olduqca vacib məsələdir: 

“Bu gün Azərbaycan Dillər Universitetində baş tutan bu tədbirin əhəmiyyəti böyükdür. Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan Bakı Amerika Mərkəzində bir sıra layihələr və tədbirlər öz əhəmiyyətinə və mahiyyətinə görə seçilir. Bu gün Azərbaycan və ABŞ münasibətləri strateji tərəfdaşlıq və qarşılıqlı etimad üzərində qurulub. Bu münasibətlər özünü elm, təhsil, mədəniyyət sahəsində də göstərir. Sevindirici haldır ki, bizim müəllimlərimiz təhsillə bağlı bu cür vacib təlimlərdə aktiv iştirak edirlər”.  

Millət vəkili Tamam Cəfərova əlavə edib ki, Azərbaycan və ABŞ arasında strateji münasibətlərin iki istiqaməti xüsusilə diqqəti cəlb edir. Birinci istiqamət beynəlxalq terrorizmə qarşı mübarizədir ki, Azərbaycan həmişə ABŞ-nin yanında olub, bu gün də ABŞ Azərbaycanın təhlükəsizliyinə və sülhün təmin olunmasına öz dəstəyini göstərir, danışıqların aparılmasına dəstək verir, bu baxımdan ABŞ-nin dəstəyi çox mühüm əhəmiyyət kəsb edir: "İkici istiqamət isə enerji təhlükəsizliyi məsələsidir. Bu məsələdə də ABŞ Azərbaycanı dəstəkləyir və enerji təhlükəsizliyi məsələsinə ciddi yanaşır. Elm, təhsil sahəsində və mədəniyyət sahəsində də ABŞ-nin dəstəyini görmək mümkündür". 

ABŞ Səfirliyinin Mədəniyyət üzrə Attaşesi Hacı Salman və ABŞ-nin Azərbaycandakı səfirliyinin Müvəqqəti İşlər Vəkilinin müavini Endrü Bördi təlim iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Qeyd olunub ki, ABŞ bundan sonra da təhsil və tədris imkanlarını azərbaycanlı həmkarları ilə bölüşməyə hazırdır.Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, birgə xatirə şəkli çəkdirilib.