XƏBƏRLƏR

ADU-75: Azərbaycan Dillər Universiteti və müstəqillik yolu

07 sentyabr, 2023

Azərbaycan xalqı həmişə özünün müstəqilliyi uğrunda mübarizə aparmışdır. XX əsrdə də bu mübarizə davam etmiş və həmin ənənə bir çox yaddaqalan hadisələrlə tarixə yazılmışdır. Xalqın müstəqilliyi uğrunda apardığı mübarizədə yetmiş beş illik yubileyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Dillər Universitetinin (əvvəlki APDXİ- Ə.Z) də imzalarını xüsusi qeyd etmək lazım gəlir. Bu məqalədə həmin məsələyə münasibətimizi bildirib, fikrimizi oxucularla bölüşdürmək istərdik.

ADU-nun azadlıq, müstəqillik uğrunda mübarizəsindən danışarkən ilk növbədə bizcə, İsmixan Rəhimovun adı göz önünə gəlir.

1940-cı illərdə 8 tələbə “İldırım” təşkilatını yaradıb, və onların əsas məqsədləri aşağıdakılardan ibarət olur.

1.Azərbaycanı Sovetlər birliyindən ayırıb, Azərbaycanın müstəqilliyini əldə etmək.

2.1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq.

3. Azərbaycan türkcəsini dövlət səviyyəsinə qaldırmaq.

Ancaq dövlət bu təşkilatın fəaliyyətindən xəbər tutur və onlar həbs olunurlar. İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğluna və Hacı Zeynalova güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Digərləri ilə on il həbs cəzasına məhkum olunurlar. Apardığı azadlıq hərəkatına görə Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Stalinin ölümündən sonra bu işə yenidən qərar verilir və 1955-ci ilin may ayında “İldırım” təşkilatının üzvləri azad olunurlar.

Bu təşkilatın üzvləri kimlər idi? İsmixan Rəhimov, Hacı Zeynalov, Musa Abdullayev, Kamal Əliyev, Azər Ələsgərov, Aydın Vahidov, Kamil Rzayev, Gülhüseyn Abdullayev.

Tale elə qismət etmişdir ki, bu təşkilatın üzvlərindən İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu ilə Azər Ələsgərovla ünsiyyətdə olmuşam.

İsmixan Rəhimovu buxovlu halda məhkəmə salonundan çıxarıb dustaq maşınına mindirdikdə o, oraya toplaşmış insanlara üzünü tutub deyir: “Darıxmayın, biz gedirik, tezliklə qayıdacağıq” (prof. Həbib Babayev).

2000-ci ildə İsmixan Rəhimovun yubileyi keçirilərkən akad. R.Hüseynovun dediyi bir cümlə bu gün də qulağımda səslənir. İ. Rəhimov dustaq maşınına mindirilərkən – “Azərbaycan yaşasın!” deyir. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu o zaman yenicə fəaliyyətə başlamışdı. Qeyd etmək lazım gəlir ki, Sibirdə həbs cəzası çəkərkən o, həmyerlisi görkəmli psixoloq alim Fuad İbrahimbəyovla tanış olur, sonralar onların hər ikisi uzun müddət APXDİ-də birlikdə işlədilər. Dissertasiya müdafiə edib, alimlik elmi dərəcəsini aldılar.

İ.Rəhimovun məclis aparmağının şahidi olmuşam. Azərbaycan, rus, ingilis dillərində o qədər şirin danışırdı ki, sanki dodaqlardan bal süzülürdü. 1995-ci il aprelin 15-də Azərbaycan Respublika prezidentinin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif olundu.

75 illik yubileyində İ.Rəhimov deyirdi ki, Sibirdə olarkən başımı dik tutub gəzirdim. Məndən soruşurdular ki, nəyə görə belə məğrur, gəzirsən? Cavab verirdim ki, mənim xalqım var, mənim dilim var.

Bəli, 1955-ci ilin may ayının sonunda həbsdən azad olunan İ.Rəhimov demək olar, ömrünün sonuna kimi APXDİ-də (indiki ADU-da) dosent, kafedra müdiri kimi çalışdı, bir sıra alimlərin, vətənpərvər gənclərin yetişməsində mühüm rol oynadı.

1950-ci illərin sonları və 1960-cı illərin əvvəllərində böyük vətənpərvər şair Bəxtiyar Vahabzadə APXDİ-də dərs deyirdi. Bu o zaman idi ki, şair “Gülüstan” poeması üzərində işləyir ya da ki, yenicə tamamlamışdı. İlk dəfə “Şəki fəhləsi” qəzetində nəşr olunmuş bu cəsarətlə yazılmış poemaya görə, şair nə qədər incidildi. O da etiraf olunur ki, onu MTN-də kiminsə müdafiə etdiyini hiss edirdi, ancaq kim olduğunu bilmirdi. Sonralar bu şəxsin Heydər Əliyev olduğu aydınlaşdı. Bir dəfə Bəxtiyar Vahabzadə ilə Universitetimizdə görüş keçirilirdi. Səhv etmirəmsə 2002-ci il idi. O zaman Universitetin simasını müəyyənləşdirən simalardan biri Çərkəz Qurbanlı üzünü şairə tutub dedi ki, siz bizə dərs deyirdiniz institutda oxuyarkən, biz sizin mühazirələrinizi bu gün də yaxşı xatırlayırıq. Bəli, B.Vahabzadə kimi cəsarətli şair, alimlər, Ç.Qurbanlı kimi qeyrətli tələbələri, vətəndaşları yetirdi.

1970-ci ildə APXDİ-yə qəbul oldum, fransız dili fakültəsinə. Dərnəgüldə institutun yataqxanasında qalırdıq. Həmin ilin dekabr ayında yataqxanada, çox soyuqlu qış günündə biz tələbələr B.Vahabzadənin “Gülüstan” poemasının əlyazma şəklində olan üzünü köçürüb bir-birimizə ötürürdük. Heç yadımdan çıxmaz, dekabr ayının 16-da mən “Gülüstan” poemasının üzünü mən köçürmüşəm -təxminən gecə 2-3 radələrində 1970-ci ilin sonunda.

 

Qoy qalxsın ayağa ruhu Tomrisin

Qılınclar qəzəbdən coşub parlasın

Azadlıq yolunda qılınc qaldıran

İgid ataların göru çatlasın.

 

Taxta dirəkləri torpağa deyil

Qoydular Füzuli divanı üstə

Yarıya bölündü düz yüz əlli il

Gəraylı bayatı, muğam, şikəstə

 

Tələbəlik dostum, o zaman yataqxanada qonşu otaqda qalan Misgər Məmmədov da (bu gün ADU-num Azad həmkarlar təşkilatının sədridir – Ə.Z) bu hadisələrin şahidi və birbaşa iştirakçısı idi.

1980-cı illərin sonunda müstəqillik uğrunda xalq hərəkatı başladı. APXDİ-nin müəllimlərinin, tələbələrinin fəal iştirakı bu gün də gözümün qarşısındadır. Və 1990-cı ilin 20 yanvarı…

21 yaşlı tələbə Ülvi Bünyadzadə yanvar ayının 19-da semestr imtahanından əla qiymət alıb əbədiyyət imtahanını verməyə gedirdi. O, bu imtahandan da əla qiymət aldı. O, yazdığı “And”ıyla, əsərlərilə demək olar ki, taleyini, həyatını müəyyənləşdirmişdi.

 

Həyat üçün doğulmuşuq

Vətən üçün olməliyik

 

Yaxud

 

Atama oğul deyiləm

Anama oğul deyiləm

Mən bu evin kor cırağı

Yanmayacaq işığıyam

Atam, anam zəmanədir

Mən zəmanə uşağıyam

 

Ülvi şair idi, yazıçı, dramaturq, istedadlı tərcüməçi idi. Gələcəyin görkəmli siyasi xadimi ola bilərdi. Ancaq 1990-cı il yanvarın 20-də Ülvi şəhid oldu…Hər il sentyabr ayının 23-də şəhid tələbə-şair Ülvi Bünyadzadənin anadan olan günü ADU-da yüksək səviyyədə qeyd edilir.

20 yanvar faciəsindən 15-20 gün ötürdü. Moskvadan bu hadisə ilə əlaqədar bir neçə nümayəndə APXDİ-yə gəlmişdi. Səhv etmirəmsə, bu görüşü o vaxt institutun rektoru Zemfira Verdiyeva təşkil etmişdi. O görüşdə Qorxmaz Quliyev və Çərkəz Qurbanlının kəskin, dolğun çıxışları yəqin ki, bu gün də çoxlarının xatirindədir.

20 yanvar hadisələri ilə bağlı bir hadisəni fə xüsusi vurğulamaq lazım gəlir. Bu hadisəni mənə hörmətli müəllimim, respublikanın keçmiş baş naziri, bu gün ADU-nun elmi işlər üzrə prorektoru Novruz Məmmədov danışmışdır. Novruz müəllimin dediklərindən: “20 yanvar faciəsi baş verib. İndiki Azadlıq meydanındayıq. Şəhidlər dəfn olunmaq üçün indiki Şəhidlər xiyabanına aparılmalıdır. Biz də gördük ki, Gürcüstandan bir maşın gəlib dayandı. Gürcülər maşından düşdü. Şəhidlərim qəbrinin üstünə qoymaq üçün xeyli gül gətirmişdilər. Bir neçə yoldaşla durub bu mənzərəyə baxırdıq. Fikirləşdik ki, bəlkə biz də gürcülərin bu hərəkəti müqabilində nə isə edək? Nə etmək olar?

Belə qərar alındı ki, imperiyanın törətdiyi bu qanlı əməllərə, faciəyə etiraz əlməti olaraq Bakıda Tiflisə piyada yürüş etmək. Oraya yığışanlar bir neçə nəfər olsa da, üç nəfərin fikri qəti oldu. Çərkəz Qurbanlı, Novruz Məmmədov və Sərvər Məmmədov”.

Novruz Məmmədov deyir ki, biz martın 22-də Bakıdan yola düşdük və 590 km yolu piyada qət edib, aprelin 9-da Tiflisdə olduq. Xatırlatmaq lazımdır ki, 1989-cu il aprelin 9-da bu qanlı imperiya Gürcüstanda faciələr törətmiş və həmin gün Tiflisdə (o zamanki Tbilisidə - Ə.Z) matəm günü qeyd olunacaqdı. Həmin gün ora çatmaq lazım idi. Gürcülərin bizə qarşı olan bu səmimi həmrəyliliyinə borclu qalmamaq üçün üç qeyrətli Azərbaycan vətəndaşı belə bir cəsarətli addımı atıb və onu uğurla həyata keçirə bildilər.

Yanvarın 22-də mən Çərkəz müəllimi Azadlıq meydanında gördüm. Sözün əsl mənasında gözlərindən leysan yağırdı. Sən demə, kədər onu bir neçə tərəfdən bürümüşdü. Azərbaycan qadınlığının mərdlik rəmzi olan Fərizə Çərkəz müəllimin doğma dayısı nəvəsi imiş. Bunu sonralar öyrənə bildim. Ülvi Bünyadzadə isə məktəb dostu.

1988-1993-cü illər Respublikanın həyatında çox təlatümlü, həyəcanlı anlar oldu. Bəzən respublika rəhbərliyi 1991-92-ci illərdə, 1993-ün əvvələrində düzgün addım atmayanda APXDİ-nin bir sıra müəllimləri günlərlə aclıq aksiyası keçirmişlər.

1992-ci ilin aprel ayı… Ayaz Mütəllibov respublika prezidentliyindən martın 6-da istefa vermiş, deputat, Tibb İnstitutunun rektoru Yaqub Məmmədov müvəqqəti olaraq həmin səlahiyyətləri aparır, prezident vəzifəsini icra edirdi.

Bəli, 1992-ci ilin aprel ayında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun müəllimləri Heydər Əliyevin Bakıya gəlməsi üçün imza toplayırdı. Əsas binanın 3-cü mərtəbəsində dosentlər Fərhad Qəmbəroğlu və Səməd Həsənovun nəzarəti altında İnstitutun 200-ə qədər əməkdaşı Heydər Əliyevin Bakıya gəlməsi, respublikanı düşdüyü vəziyyətdən qurtarmaq üçün imza toplamışdı.

Həmin gün axşam Azərbaycan televiziyası Xarici Dillər İnstitutunun Heydər Əliyevin Bakıya gəlməsi üçün imza topladığını “Xəbərlər” proqramında bəyan etdi. Çərkəz müəllim deyirdi ki, həmin imzalar müəyyən üsullarla aradan çıxarılmış və kimlərsə o zamankı MTN-ə çağırılmışdı.

I və II Qarabağ döyüşlərində ADU-nun müəllim və tələbələri fəal iştirak etmişlər. II Qarabağ döyüşündə ADU-nun üç tələbəsi şəhid olmuşdur: Təhsil-1 fakültəsinin tələbəsi Əzim Həsənov, Tərcümə fakültəsinin tələbəsi Teymur Osmanlı və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Elvin Bayramov.

ADU-nun rektoru, akademik Kamal Abdullayevin şəxsi təşəbbüsü ilə ADU-nun 3 nömrəli tədris binasında görkəmli alim, tərcüməçi “İsmixan Rəhimov adına lektoriya” və ADU-nun 1 nömrəli binasında “Ülvi Bünyadzadə adına muzey-lektoriya”, Universitetin ayrı-ayrı tədris binalarında şəhidlər Əzim Həsənov, Teymur Osmanlı və Elvin Bayramovun həyatını, keçdikləri döyüş yolunu əks etdirən fotoşəkilli auditoriyalar yaradılmışdır.

44 günlük Vətən müharibəsi dövründə ADU-da fəaliyyət göstərən Mərkəzlər və kafedraların əməkdaşları Qarabağ həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün dünyanın bir çox ölkələrinin elmi-siyasi idarələrinə xüsusilə, aparıcı dövlətlərinə təşkilatlara müxtəlif dillərdə məktublar və müraciətnamələr göndərmişdi.

Bəzi ölkələrdən onlara reaksiyalar da verilmişdi. Göndərilən məktubların sayı yüzlərlə idi.

Vətən müharibəsi və ondan sonrakı dövrlərdə ADU-nun üç əməkdaşı baş müəllim Hüseyn Əsgərov, Aydın Eyvazov və bu sətirlərin müəllifi erməni girov və terroristlərinin müxtəlif təcridxana və dövlət idarələrində istintaqı zamanı erməni dilindən tərcüməçilik etmişdir. Aydın Eyvazov peşəkar tərcüməçilik fəaliyyətinə görə respublika prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Bayraq ordeni” ilə təltif olunmuşdu.

Eyni zamanda Ali Baş Komandanın başçılığı altında ordumuzun parlaq tarixi qələbəsi ilə bağlı ADU əməkdaşlarının dövlət mətbuat orqanlarında silsilə məqalələri dərc olunmuşdu: “Müstəqillik asan olmayıb, yaxud bu günün reallıqları, “Respublika” qəzeti, 17 oktyabr, 2020; “Vətən müharibəsi ədaləti bərpa etdi”, “Respublika” qəzeti, 4 dekabr, 2020; “Vətən müharibəsi informasiya və diplomatiya məkanında”, “Respublika” qəzeti, 5 fevral, 2021.

ADU özünün 75 illik yubileyinə hazırlaşır. Respublikanın digər Universitetləri özlərinin 50, 60, 70, 80, 90, 100 hətta 30, 40 illiklərini qeyd etsələr də, həqiqət naminə demək lazımdır ki, ADU-nun yubiley məsələsi həmişə diqqətdən kənarda qalmışdır. Bir-iki dəfə cəhd edilsə də, heç bir nəticə hasil olmamışdır.

Axı bu Universitet Azərbaycan elminə, mədəniyyətinə, siyası arenasına nə qədər görkəmli adamlar bəxş etmişdir. Müstəqil Azərbaycanın ilk Xarici işlər naziri Hüseynağa Sadıqov, Mədəniyyət naziri Əbülfəz Qarayev, Gənclər və idman naziri Azad Rəhimovdan tutmuş Baş nazir Novruz Məmmədova qədər, nə qədər səfirlər (Elenora Hüseynova, Vaqif Sadıqov), Milli Məclisin üzvləri bu Universitetin məzunları olmuşlar. ADU-nun 75 illik həyatında rektorların əksəriyyəti respublikada böyük nüfuz sahibi olmuşlar: Əfşan xanım Qədimbəyova, Rəfiqə xanım Hüseynova, Ağamməd Abdullayev, Məmməd Tağıyev, Zemfira xanım Verdiyeva, Fəxrəddin Veysəlli, Qorxmaz Quliyev, Səməd Seyidov, Kamal Abdulla.

Əfşan xanım Qədimbəyova və Səməd Seyidov rektorluqla yanaşı dövlət səviyyəsində də yüksək vəzifələr daşımışlar. Əfşan xanım rektor olarkən eyni zamanda Azərbaycan Ali Soveti sədrinin müavini, Səməd müəllim isə rektorluqla yanaşı Milli Məclisdə Parlamentlər arası komissiyanın sədri, AŞPA-nın vitse-prezidenti olmuşdur. Yeri gəlmişkən onu da xatırlatmaq lazım gəlir ki, Əfşan xanım Azərbaycan dəzgah rəssamlığının banisi Mirzə Qədim İrəvaninin nəvəsi, Ələkbər bəyin qızı, görkəmli dövlət xadimi Əziz Əliyevin isə xalası qızı idi.

Həmkarlarımız ADU-75 silsiləsindən yazılarda Universitetin son illərdəki uğurlarından geniş surətdə bəhs etdikləri üçün deyilmiş fikirləri təkrar etməyi məsləhət bilmədik. Bizcə, təkcə onu əlavə etmək istərdik ki, ADU Respublikada yeganə ali məktəbdir ki, Azərbaycanın Dövlət Mükafatına son on ildə ardıcıl olaraq əsərlər təqdim etmiş, Avropa, Asiya, Amerika, Avstraliya qitələrində monoqrafiyalar nəşr etdirmişdi.

75 yaşın mübarək, doğma Universitet!

Əsgər Zeynalov

 Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor