“Konfutsi və musiqi” mövzusunda tədbir
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun onlayn yay lektoriyasında Çin mədəniyyətinə dair növbəti, “Konfutsi və musiqi” mövzusunda mühazirə keçirilib.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qədim Çində qurbanlıq ayin və mərasimlərinin musiqili müşayiətinin əhəmiyyətindən danışaraq, görkəmli Çin filosofu Konfutsinin musiqi və əxlaqi tərbiyənin əlaqəsi, musiqinin cəmiyyətdə rolu, musiqi təhsilinin əhəmiyyəti haqqında söylədiyi fikirlərə diqqət çəkib.
R.Abbasov qeyd edib ki, Konfutsi təlimi ictimai həyatın təşkilinin hüquqi, iqtisadi, təbii aspektləri qarşısında əxlaqi dəyərlərin və normaların, mərasim musiqisinin üstünlüyünə əsaslanır.
Həmçinin qeyd olunub ki, “Söhbətlər və mühakimələr”, “Konfutsi sin çalmağı öyrənir”, “Ayinlər kitabı” və “Musiqi haqqında qeydlər” kimi ən qədim Çin mətn və rəvayətlərində verilmiş Konfutsinin öz tələbələri və saray musiqiçisi Lu Şi Sianszı ilə dialoqlarında filosof musiqinin mənəvi gücündən bəhs edir, onda əmin-amanlıq, sevinc hissi, daha yüksək ahəngdarlıq və insanın mədəni inkişafı üçün bir vasitə görür.
Eyni zamanda, Konfutsi yüksək nəcib hisslər doğuran “ciddi” musiqiyə xüsusi ehtiramla yanaşır və hesab edir ki, musiqini başa düşmək və musiqi alətlərində, xüsusən də “sin” ifa etmək bacarığı “nəciblər” üçün zəruridir.
Çin milli tarixinin demək olar ki, bütün ilahi və əfsanəvi personajlarına bəstəkarlıq istedadı bəxş edilmişdi. Musiqi alətlərində ifa etmək bacarığı ənənəvi Konfutsi təliminin mühüm elementi, imperator və dövlət idarəçiliyində iştirak edən məmurlar üçün zəruri keyfiyyət idi.
Davranış və musiqi qayda və normalarının köməyi ilə dövləti idarə etmək ideyası Konfusiçiliyin əsasını təşkil edirdi.
Mühazirənin sonunda ADU-nun Konfutsi İnstitutunun tələbə və müəllimlərinin ifasında Çin hulusi fleytasında qədim Çin melodiyaları səsləndirilib.