XƏBƏRLƏR

Hər zaman fərqlənən təhsil ocağı  – 75 yaşlı ADU

05 sentyabr, 2023

Bu il – 2023-cü il doğma universitetimin - Azərbaycan Dillər Universitetinin 75 illik yubileyidir. Bəli, doğma. Çünki bu universitetin tələbəsi olmaq hələ abituriyent vaxtlarımdan ən böyük arzularımdan biri olub. Doğma universitetim haqqında yazıma ilk onun tarixindən başlamaq istəyirəm.

1943-cü ildə Azərbaycan Pedaqoji İnstitutu (APİ)  xarici dillər üzrə ixtisaslı  mütəxəssislər   hazırlamağa   başladı və fəaliyyət göstərdiyi qısa müddət ərzində 271 nəfər xarici dil mütəxəssisi  hazırladı. Həmin fakültənin bazası əsasında 1948-ci ildə müstəqil xarici dillər institutu yaradıldı. İnstitut qısa müddət ərzində zəngin inkişaf yolu keçərək respublikanın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrildi. Burda ingilis, alman, fransız dilləri fakültələri, axşam təhsili fakültəsi, hazırlıq şöbəsi və müxtəlif kurslar fəaliyyət göstərirdi. İnstitutda təhsilin bütün növləri üzrə  4000 nəfər təhsil alırdı.

 Bax, beləcə yarandı doğma universitetim. Yarandığı ilk dövrdən müxtəlif dillər üzrə hər il orta hesabla 650-700 mütəxəssis hazırlanırdı. Onların əksəriyyəti uzaq kənd rayonlarına təyinatla göndərilirdi.  Daima öz tələbələri ilə fəxr edən institut məzunlarının sırasında dəyərli dövlət adamları, diplomatlar, görkəmli tərcüməçilər və əməkdar müəllimlər var. 

 13 İyun  2000-ci il tarixində ilk dəfə Heydər Əliyevin sərəncamına  əsasən bu ali təhsil ocağına  universitet  statusu verilib. O zamandan universitetimiz çox böyük uğurlar əldə edərək savadlı tələbələri, təcrübəli və dünyagörüşlü müəllimləri ilə ölkədə öz yerini tutan təhsil ocağıdır. Bu gün universitetdə 22 xarici dil tədris olunur. Burada  fakültələr, kafedralar, şöbələr, ixtisaslar, laboratoriyalarla yanaşı tədris olunan dillərə məxsus mərkəzlər də fəaliyyət göstərir. Son 5 ildə rektor akademik Kamal Abdullanın rəhbərliyi dövründə ADU  inkişaf edərək nailiyyətləri ilə daha çox uğura imza atıb. 2018-ci ildə Türkiyə Universitetlər Birliyinə üzv olub. Bununla da ADU ilə türkdilli dövlətlərin universitetləri arasında mövcud əlaqələr daha da genişləndi.

Bu il – 2023-cü ildə isə ADU-nun qazandığı böyük nailiyyəti ölkə gündəmində ən aktual xəbər oldu. Belə ki, Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir.

Azərbaycanda ilk dəfə olaraq QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olan iki universitetdə bir oldu ADU. Bu uğurların əldə edilməsində rektorumuz, akademik Kamal Abdullanın böyük rolu var. Həmçinin də, qazanılan nailiyyətlər müəllim-tələbə kollektivinin birgə əməyinin nəticəsidir.

Hətta rektorumuz Kamal Abdulla bu yubileylə, hətta əldə edilən bu böyük uğurla bağlı səmimi və xoş fikirlərini öz məqaləsində də qeyd etmişdi. Həmin məqalədən bir neçə cümləni də bura əlavə etmək istərdim:

“Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi (ADU və UNEC) QS dünya universitetlərinin reytinqinə düşmüşdür. Azərbaycan Dillər Universiteti (ADU) "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil edilmişdir. Bu, universitetimizin, bütövlükdə təhsilimizin böyük uğurudur.

Azərbaycan Dillər Universitetinin 75 illik yubileyi ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilən "Heydər Əliyev İli"nə təsadüf edir. İnanırıq ki, "Heydər Əliyev İli" çərçivəsində Universitetin yaranmasının 75 illik, müstəqil şəkildə fəaliyyətinin 50 illik yubileyi layiqli şəkildə qeyd ediləcək və kollektiv üçün bu, əvəzsiz bir hədiyyə olacaqdır.”

Bəli, bu gün qərarımda yanılmayıb, ADU-nun tələbəsi olduğum üçün özümlə  qürur duyuram! Həm də ən məsuliyyətli sahə üzrlə təhsil aldığım üçün qürur duyuram.

Mən Leyla Abbasova Beynəlxalq jurnalistika ixtisasının 3-cü kurs tələbəsiyəm. İxtisasımın tədrisi ingilis dilindədir. Tədrisin xarici dildə olmasının həmçinin çox üstünlükləri var. Düşünürəm ki, bu ixtisas üzrə təhsil almaqla yanaşı, dil biliyinin də inkişaf etdirmək mən və tələbə yoldaşlarım üçün ən böyük fürsətdir.

Axı xarici dil biliyi olan jurnalistlərin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmə kimi imkanları da var.  Məhz buna görə də çox xoşbəxtəm ki, belə bir  universitetdə təhsil alıram. Biz tələbələrin ən böyük üstünlüyü elə bu hadisələri – Azərbaycan həqiqətlərini, erməni vəhşiliklərini, yalanlarını tarixi əsaslarla dünya ictimaiyyətinə, xalqlarına çatdırmaqdır. 20 yanvar hadisəsini, Qarabağ müharibələri, bunlardan əvvəl elə Azərbaycanlıların öz qədim torpağı olan İrəvandan deportasiya olunması, Qubada, Xocalıda törətdikləri soyqırımlar – bu hadisələr heç vaxt unudulmamalıdır. Daim gündəm mövzulardan biri olub dünya ictimaiyyətinin diqqətində saxlamalıdır.  Ona görə də, bu həqiqətləri tarixi faktlarla, dəqiq və düzgün formada dünyaya çatdıra bilən dil biliyi yüksək, dünyagörüşlü jurnalistlərə hələ də çox ehtiyac var. Təhsil aldığım universitet isə bizə bu şəraiti yaradıb ki, bizim həm dünyagörüşümüz, həm jurnalist kimi bacarığımız, həm də xarici dil biliyimiz olsun. Elə bu baxımdan da bizə bu sahəni tədris edən şöbəmizin müəllimləri sanki xüsusi ilə seçilib. Hər biri peşəkardılar. Onlar biz tələbələrə nəzəri biliklərimizlə bahəm, həm də praktiki bacarıqlarımızı inkişaf etdirmək də həmişə dəstək olurlar. ADU-da mən və mənim kimi bir çox tələbənin tədris müddətində məlumatlandırıcı təlim, seminar və tədbirlərdə iştirak edə bilmə imkanları da var. Özüm də əlimdən gəldiyi qədər təhsilimdə hərtərəfli inkişaf etdirmək üçün belə təlimlərə qoşuluram. Ən böyük hədəflərimdən biri də məhz beynəlxalq jurnalist olub, sahəm üzrə yer tutmaq və öz ölkəmi təmsil etməkdir. Bu arzumu əldə etmək üçün atdığım ilk və ən uğurlu addımlardan biri də Azərbaycan Dillər Universitetini seçməyimdir.

Heç vaxt ADU-nu seçdiyimə görə peşman olmamışam. Hər zaman demişəm və deyəcəm: "Yaxşı ki, Azərbaycan Dillər Universitetinin tələbəsiyəm" və buranın tələbələri həmişə, hər yerdə öz bacarıqları və bilikləri ilə seçiliblər. Mən əminəm ki, bundan sonrakı illərdə də belə və bundan da daha yaxşı olacaq. Daha böyük uğurlar əldə etməyin arzusu ilə, uğurların həmişə bol olsun, doğma universitetim!

Leyla Abbasova, Beynəlxalq jurnalistika ixtisasının 3-cü kurs tələbəsi