XƏBƏRLƏR

"Bu konfrans əlaqələrimizin təməlinə qoyulan daşlardan biridir"

04 sentyabr, 2023

30-31 avqust tarixlərində Azərbaycan Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGI" və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birgə layihəsi olan "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elmi, mədəni və siyasi mahiyyətinə görə əhəmiyyətli olan həmin konfrans haqqında İsraildən gələn elm adamlarının, professor və müəllim heyətinin fikirlərini təqdim edirik.

Bar-İlan Universitetinin professoru Menachem Katz:

 “Bu çox önəmli bir konfransdır. Çünki Qafqazı fərqli aspektlərdən görməyimizə imkan yaradır. İsraildan, Rusiyadan və həmçinin yerli tədqiqatçıların da burada olmağı çox əhəmiyyətlidir. Hamımız birlikdəyik və çox şey öyrəndik. Konfransın iştirakçılar üçün çox kömək olacağını düşünürəm.”

Professor həmçinin ölkəmiz və vətəndaşları haqqında da təəssüratlarını bölüşüb:

“Biz birinci dəfədir Azərbaycanda oluruq. Bura dünən çatdıq və bu gözəl ölkəni gördük. İnsanları gözəldir. Gülər üzləri ilə bunu göstərirlər. Bu bizim üçün çox önəmlidir. Bu konfrans olmasaydı, bura gəlmək şansımızın olmayacağını düşünürəm.”

Professor Malka Katz: 

“Konfransın böyük önəm daşıdığını düşünürəm. Hər kəs bu konfrans üçün çox hazırlaşıb. Onlar bunu daha yaxşı, gözəl və professional şəkildə etməyə çalışıblar. Universitetin kollektivi ilə ilk görüşümdə həqiqətən çox təsirləndim. Bəli, bu mənim ilk gəlişimdir. Burada gözəl ölkə, gözəl insanlar və onların xoş rəftarı ilə qarşılaşdım.”

Bar-İlan Universitetinin professoru Zaki Shalom:

“Konfrans haqqında müsbət fikirdəyəm. Bu konfransın bizim əlaqələrimizin təməlinə qoyulan daşlardan biri olduğunu düşünürəm. Çünki bu əlaqələr hər iki millətin maraqları əsasında qurulub. Biz iki millətin arasında çox güclü iqtisadi, mədəni əlaqələr mövcuddur. Bunun olması olduqca vacibdir. Son olaraq bildirmək istəyirəm ki, bu görüş bizə islamı göstərdi. Burada biz islam dininə xas ən gözəl tərəflərini gördük. Sizə burada olmaqdan məmnunluq hissi keçirdiyimi və fəxr etdiyimi bildirmək istəyirəm. Ölkənizə dünən çatmışıq. Burada biz qonaqpərvərliklə, maraqla, istiqanlılıqla qarşılandıq. Bunun üçün çox təşəkkür edirik.”

Hazırladı: Ayna ƏLİYEVA,

ADU-nun Təhsil fakültəsinin 323 B qrupunun tələbəsi