XƏBƏRLƏR

ADU-nun müəllimi Belçikada təlimlərdə iştirak edib

17 avqust, 2023

Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri f.f.d., prof. Ülfət İbrahim 23.07.2023-14.08.2023 tarixlərində Belçika Krallığının Lüvən Katolik Universitetində fransız dili müəllimləri üçün təşkil olunmuş yay təlim kurslarında (CEDEFLES) iştirak edib.

Yay universitetində dünyanın 33 ölkəsindən 100-ə yaxın müəllimin iştirak etdiyi bildirilib. Üç həftə davam edən təlimdə fransız dili müəllimləri didaktika və dil bacarıqlarını gücləndirməklə yanaşı, dərslərin yeni üsullarla tədris metodları ilə də tanış olublar.

Müasir dövrdə fransız dili dərslərinin tədrisi zamanı rəqəmsal texnologiyaların tətbiqi və istifadəsi mövzusuna xüsusi yer ayrılıb. Tədris-təlim prosesi Belçika, Kanada, Polşa və Fransanın müxtəlif universitetlərində çalışan peşəkar pedaqoq və dil mütəxəssisləri tərəfindən aparılıb.

Səfər zamanı ADU-nun  professoru Ülfət İbrahim Lüvən Katolik Universitetində təşkil olunmuş Beynəlxalq mədəniyyət günlərində iştirak edərək Azərbaycan dili, tarixi, mədəniyyəti, mətbəxi, ictimai həyatı və təhsili haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Səfər çərçivəsində Belçikanın müxtəlif şəhər və regionlarına mədəniyyət xarakterli ekskursiyalar təşkil olunub.

 Tədbirin sonunda yay universitetində fəal iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.