XƏBƏRLƏR

ADU-da "CLS Azərbaycan dili" proqramının bağlanış mərasimi keçirilib

09 avqust, 2023

 

 

Avqustun 8-də Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Azərbaycan dili” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi keçirilib. Tədbirdə  ADU-nun rektoru, akademik Kamal Abdulla, Beynəlxalq əlaqələr üzrə prorektor, həmçinin "CLS" proqramının Azərbaycan üzrə direktoru, dossent Jalə Qəribova, Amerikalı tələbələrlə iş üzrə rezident direktoru (RD)  Korolina Saqer,  Qrantlar və layihələr şöbəsinin müdiri Səbinə Feyzullayeva, Amerika mərkəzinin müdiri Şəhla Xudiyeva, layihə koordinatoru və müəllimi Ramiqə Şirəliyeva, müəllimlər- Hüzurə Ağayeva və Fidan Ələsgərova iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb. O, amerikalı tələbələri proqramın başa çatması münasibətilə təbrik edib, həmçinin onları  ADU-da təşkil olunan Multukultiralizm məktəbinə dəvət edib:

“Mən ümid edirəm ki, burada yaxşı zaman keçirdiniz. Azərbaycan dilinin öyrəndiniz. Bizim universitetin Multukultiralizm mərkəzi tərəfindən ildə iki dəfə- yay və qış fəslində iki həftə müddətində Multukultiralizm məktəbi təşkil olunur. Burada dünyanın bir çox ölkələrindən- Koreya, Yaponiya, İndoneziya, Almaniya, Gürcüstan, Rusiya və digər ölkələrdən olan tələbələr həmin dərslərdə iştirak edirlər. Tədris ərzində tələbələr Azərbaycanı əyani olaraq, daha yaxşı tanımaq şansı əldə edirlər. Mən çox istərdim ki, siz də burada oxuduğunuz müddətdə həmin dərslərdə iştirak edəsiniz.”

Beynəlxalq əlaqələr üzrə prorektor, həmçinin "CLS" proqramının Azərbaycan üzrə direktoru dossent Jalə Qəribova layihə ilə bağlı məlumat verib, amerikalı tələbələri təbrik edib və təşəkkürlərini çatdırıb:

“8 həftə bir dilin incəliklərini öyrənmək üçün  kifayət deyil. Lakin, mən sizin dərslərinizi müşahidə etdiyim müddətdə necə həvəs göstərdiyinizi gördüm.  Bakıya gəldiyiniz növbəti mərhələlərdə bunu təkminləşdirəcəyinizə inanıram. Onu da qeyd edim ki, bizim bu layihə tələbələrin nəticələrinə görə dünya ölkələri arasında ilk yerlərdədir. Layihənin başa çatması münasibəti ilə hamınızı təbrik edirəm. 2 ay ərzində amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlərə, onların ailələrinə, rezident direktora, dil partnyorlarına, administrativ heyətə,  ABŞ Dövlət Departamentinin Amerika Şurasına və universitetdə yaradılan imkanlara görə rektor Kamal Abdullaya təşəkkürümü bildirirəm.”

 

Amerika mərkəzinin müdiri Şəhla Xudiyeva çıxışı zamanı layihənin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.  “CLS Azərbaycan dili” (Önəmli Dil Təqaüdü) proqramının iştirakçılarına dilimizi öyrənmək üçün  Azərbaycan dilində kinolar izləməyi tövsiyə edib. Çıxışının sonunda o, həmçinin Azərbaycanın mədəniyyətini və tarixini öyrənən,  tədiqat işləri aparmaq istəyən hər bir tələbəyə Amerika mərkəzi tərəfindən dəstək göstəriləcəyini dilə gətirib.

RD Korolina Saqer proqramın uğurla başa çatdığını söyləyib, yaradılan şəraitə görə rektor Kamal Abdullaya, Amerika mərkəzinə, tələbələrin ailələrinə və  işin icrasında kömək edən digər şəxslərə təşəkkürünü bildirib.

Sonra amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər və dil həmkarları öz fikirlərini bildiriblər.

Bağlanış mərasimində amerikalı tələbələrin Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs müddətində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx göstərilib.

Azərbaycan dilini öyrənən amerikalı tələbə və dil həmkarı tərəfindən  Azərbaycan musiqisinin sədaları altında rəqs nümayiş olunub.

Sonda hədiyyələr təqdim olunub.

İyunun 13-də başlayan “CLS Azərbaycan dili” proqramı çərçivəsində 7 nəfər amerikalı tələbə 8 həftə ərzində Azərbaycan dilini öyrənib