XƏBƏRLƏR

ADU-75: Universitetin sədaqətli yetirməsi

24 iyul, 2023

Azərbaycanın ilk Xarici işlər naziri, fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Dillər Universitetinin məzunu Hüseynağa Sadıqovla müsahibəni təqdim edirik.

- Ən uğurlu nailiyyətlərinizdə Azərbaycan Dillər Universitetinin rolu nədən ibarətdir?

- Sualınıza görə sizə təşəkkür edirəm. Sözsüz ki, digər universitetlər kimi Azərbaycan Dillər Universiteti də milli kadrların yetişdirilməsində böyük rol oynayıb və hələ də oynayır. Amma bunu deməliyəm ki, universitetin pəncərələri büllurdan, qapıları qızıldan olsa belə, yenə də bir universitetin əsas amili orada dərs demiş müəllimlərdir. Buna görə də, Azərbaycan Dillər Universitetinin mənim fəaliyyətimdə oynadığı rol ilk növbədə burada mənə dərs demiş müəllimlərin nailiyyətidir.

Rəvayətə görə, Makedoniyalı İsgəndər deyirmiş ki, mən valideynlərimə mənə həyat verdiklərinə, müəllimlərimə isə həyatıma məna verdiklərinə görə minnətdaram. Bu sözləri mən də tez-tez təkrar edirəm. Ona görə də bu universitetdə mənə dərs deyənlər arasında dünyasını dəyişən müəllimlərin əziz ruhu qarşısında böyük ehtiramla baş əyirəm, yaşayanlara isə uzun ömür arzu edirəm. Çünki onlar mənim dünən və bu gün kim olmağıma böyük təsir ediblər. Mən bu gün müəllimlərim – “Nəzəri qrammatika” fənnini tədris edən Nəzakət xanım Ağazadəni, “Fonetika” kafedrasının müəllimi Cəfər Cəfərovu, “Metodika” fənni üzrə müəllimim Tamara xanım Əhmədovanı, “Alman dilinin leksikologiyası” fənnini tədris edən Əminə xanım Əliyevanı yad etmək istəyirəm. O zamanlar Əminə xanım kadr hazırlığı səbəbilə Almaniyaya ezamiyyətə göndərilmiş, öz dissertasiyasını müdafiə etmək üçün yetərli materiallar toplamışdı. Həmçinin o, Almaniyada öz dissertasiyasını uğurla müdafiə edən ilk azərbaycanlı qadın idi. "Fonetika" fənnini tədris edən müəllimim Cəfər Cəfərov Azərbaycan Demokratik Respublikası tərəfindən Berlində təhsil almağa göndərilən tələbələrdən olub. O, universal biliklərə malik olmaqla bərabər, həm də xarakter cəhətdən büllur kimi saf insan idi. Cəfər Cəfərov klassik italyan opera musiqisinin pərəstişkarı idi və bu sahədə dərin bilikləri vardı. O, Universitetin “Fonetika” kafedrasında tez-tez musiqili axşamlar təşkil edərdi və ora Konservatoriyanın müəllimlərini dəvət edərdi. Universitetin tələbələri, o cümlədən mən də bu axşamlarda iştirak edərdim.

- Tələbəlik illərinizdə müəllimlərinizlə olan münasibətiniz həyatınıza necə təsir etdi?


- Tələbəlik illərimdə mənə dərs deyən müəllimlərin hər birindən razıyam və hamısına minnətdaram. Universitetdə elə bir müəllim olmayıb ki, aramızda bir inciklik olsun və ya mənə qarşı ədalətsiz mövqe tutsunlar. Həmin dövrdə nəinki dərsə, hətta imtahanlara gələndə sanki bayrama gəlib-gedirdim. Üzüm qırxılmış, təmiz geyimdə səliqəli gələrdim və hiss edərdim ki, bu da müəllimlərimin xoşuna gəlir. Onlar mənimlə “siz”lə danışardılar, mənə belə müraciət edərdilər. Yəni aramızda belə hörmət var idi. Çalışırdım ki, imtahan dövründə də imtahanlara yaxşı hazırlaşım. İmtahan zamanı bilet götürəndə fikirləşmədən cavab verərdim. Bu da müəllimlərimin xoşuna gəlirdi. Tarix fənnini bizə Paşa müəllim, Pedaqogika fənnini Fikrət Seyidov tədris edirdi. Azərbaycan tarixindən isə Novruz müəllim dərs deyirdi. Beşinci kursda oxuyarkən məni kafedraya çağırdılar və prorektorumuzun yanına apardılar. Mənə dedilər ki, mühazirələrdən azad olunursan, amma imtahanlara hazırlaşıb, bütün fənlərdən imtahanları verməlisən. Məni Leksika kafedrasına laborant olaraq göndərdilər və analıq ezamiyyətinə göndərilmiş bir müəllimin dərslərini verdilər ki, həmin fənni mən tədris edim. Özü də beşinci kursun hələ əvvəlləri idi. Yadımdadır ki, tərcümədən dərs dediyim tələbələr var idi. Onlar II və III kursda oxuyurdular. O cümlədən, Fəxrəddin Veysəlov, Çərkəz Qurbanov, Sərxan Abdullayev və bir neçə başqa tələbə var idi. Onlar o vaxt mənim tələbələrim olub və mən bununla fəxr edirəm ki, onların bu cür yüksək, peşəkar ixtisaslı kadr kimi yetişməsində mənim zərrə qədər də olsa, əməyim olub. Beşinci kursun sonunda xəbər gəldi ki, Universitetin komissiyası məni kafedrada saxlayıb. Müəllim kimi Universitetdə qaldım. Elə həmin il də aspiranturaya imtahan verdim və qəbul oldum. Elmi rəhbərim isə akademik Ağamusa Axundov idi. Sonra məni Mərkəzi Komitəyə çağırdılar və artıq elmi işlərlə məşğul olmağa vaxtım olmadı. Çünki Mərkəzi Komitədə Beynəlxalq Əlaqələr Şöbəsində işləyəndə artıq bilirdim ki, bu, mənim gənclik arzum olan məqsədimə çatmaqda nəhəng bir addımdır. Bu elə bir platforma idi ki, burada artıq mən öz arzumu reallaşdıra bilərdim. Elə düşündüyüm kimi də oldu. Mərkəzi Komitədən sonra diplomatiyaya keçdim. Universitetdə mənə dərs demiş müəllimlərimin əməyi çox böyük olub.

- Universitetdə təhsil aldığınız müddətdə ən böyük məqsədiniz nə idi və ona çatmaq üçün əsas motivasiyanız nə olub?

- Ən böyük məqsədim diplomat olmaq idi. Bilirdim ki, buna nail olmaq üçün dərin biliklərə yiyələnməliyəm. Dahi Nizami Gəncəvinin təbliğ etdiyi fikirlər mənim üçün bir ulduz, mayak idi:

Ucalmaq istəsən, bir kamala çat,

Kamala ehtiram göstərir həyat.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Tələbəlik illərimdə böyük alman şairi Y.V.Hötenin “Faust” əsərini oxuduqdan sonra əsərin sonunda səslənən bu misralar hər günümün devizi, məqsədi olub.

Mən bütün ömrümü verdim bu işə

Yaşamaq istəsən, vuruş həmişə.

O adam layiqdir azadlığa ki,

Gedə bundan ötrü hər gün döyüşə.

Xatırlayıram ki, mən Leypsikdə, Rostokda və Berlində beynəlxalq informasiya ilə məşğul olduğumdan alman auditoriyalarında – Universitetlərdə, fabriklərdə, müəssisələrdə siyasi mövzularla çıxış etmək üçün tez-tez dəvət olunardım. Çıxışlarımı Faustun bu sözləri ilə bitirərdim. Bu zaman auditoriyadakılar da bu şeiri mənimlə birlikdə təkrar edərdilər. Bu mühazirənin uğurlu olmasının zirvə göstəricisidir. Mən bilirdim ki, uğurlu diplomatik fəaliyyətimin bünövrəsi ADU-da yaradılmışdı və mənə dərs demiş müəllimlərimi təkrarən ehtiramla yad edərdim.

Eyni zamanda müdrikliyin və təvazökarlığın göstəricisi olan fikirlər – “Mən bircə onu bilirəm ki, heç nə bilmirəm” – mənim üçün həmişə aktual olmuşdur. Ömər Xəyyamın bu barədə yazdıqlarını çox xoşlayıram:

 

Könlüm heç bir elmdən olmadı məhrum,

Bir çox sirlər mənə oldular məfhum.

Yaşadım dünyada yetmiş iki il,

Yeni heç nə mənə olmadı məlum.

Bu, müdrikliyin və təvazökarlığın zirvəsi idi!

Bu gün mən üzümü gənclərimizə tutub deyirəm: Biliklərə, elmə yiyələnin – həyatın mənası – xoşbəxtliyə gedən yol bundadır. Sokrat yazırdı: Bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır.

- Universitetdəki tələbə təşkilatlarındakı fəaliyyətinizin karyeranızda təzahürünü necə dəyərləndirirsiniz?

- Onu deyə bilərəm ki, 4-cü kursda oxuyarkən Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdim və tez-tez elmi məqalələr yazırdım. Elmi məqalələr alman yazıçısı Anna Zegersin “Yeddinci xaç” əsəri əsasında alman dilindən azərbaycan dilinə tərcümənin leksik problemlərini əhatə edirdi. Bu mənim dissertasiya işimin mövzusu idi. Daha sonra Universitetin Elmi Şurasında mənim mövzum təsdiq olundu və məni Tələbə Elmi Cəmiyyətinə sədr seçdilər. Sadəcə, elmi sahədə çalışmışam.

- Azərbaycan Dillər Universitetinin son 5 ildəki uğurlarını necə qiymətləndirirsiniz?

- Əslində hər şey göz qabağındadır. Deməliyəm ki, mən çox sevinirəm, çünki Azərbaycan Dillər Universiteti bu gün çox inkişaf edib. ADU Universitet olmazdan əvvəl Xarici Dillər İnstitutu olub. Hətta gənclər arasında sual olanda ki, –  “Siz harda oxuyursunuz?” –  bir az sıxıntı çəkirdik. Çünki həmin vaxtlar bizim universitetin imici o qədər də yüksək deyildi. Elə zənn edirdilər ki, bura yüksək istedadı olmayan gənclər gəlir.

Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 2000-ci ildə İnstituta “Universitet” statusu verildi. Universtitetin maddi-texniki bazası zənginləşdi. Həmçinin elmi kadrların sayı get-gedə artdı. Bu, bizi çox fərəhləndirirdi. Bundan çox şərəf duyurdum. Cənab Prezident İlham Əliyevin qərarı ilə Universtitetin yeni binası tikildi, Təbriz küçəsində tədris korpusu istifadəyə verildi. Hazırda son 5 ili götürsək, bu sahədə Universitet nəhəng addımlarla irəliləməkdə davam edir. Bu gün Universitet kollektivi möhtərəm rektor akademik Kamal Abdullanın rəhbərliyi altında daha səmərəli fəaliyyət göstərir. Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan Dillər Universiteti əvvəllər yalnız bölgə miqyasında, sonra MDB ölkələri miqyasında fəaliyyət göstərirdi. Hazırda isə Universtitetimiz beynəlxalq səviyyədədir və bu müstəvidə fəaliyyət göstərir. Çox sevindirici haldır ki, artıq Universitetdə müxtəlif mərkəzlər açılıb. Xarici ölkələrdə - Çində, Pakistanda, Serbiyada, Rumıniyada, Macarıstanda ali məktəbimizin nümayəndəlikləri açılır. Artıq universtitetmizin fəaliyyət dairəsi çox genişlənib, beynəlxalq müstəviyə çıxıb. Hətta universtitetimiz ilk dəfə QS dünya universitetlərinin reytinqinə düşmüşdür və layiqli yer tutmuşdur. Biz buna çox sevinirik. Bu, Universtitetin rəhbərliyinin çox böyük, müdrik fəaliyyətin nəticəsidir. Hazırda Universtitetin yetişdirdiyi kadrlar təkcə diplomatik sahədə deyil, müxtəlif sahələrdə çalışırlar. Universitemizin yetirmələri tərcüməçi kimi də öz ölkəmizdə və müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. Bu, özü də böyük bir beynəlmiləl əhəmiyyəti olan məsələdir. Çünki əvvəllər primitiv baxış var idi, amma hazırda bizim universitetin yetirmələri olan tərcüməçilər dünyada sülhün möhkəmlənməsində, beynəlmiləl əməkdaşlığın inkişafında öz töhfələrini verir və böyük rol oynayırlar. Onların əməyi çox əhəmiyyətli bir əməkdir və heç də diplomatın əməyindən geridə qalmır.

Universitetimizin rəhbərliyinə, pofessor-müəllim və tələbə heyətinə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Mən sevinirəm və fəxr edirəm ki, bu Universtiteti bitirmişəm!

Söhbəti apardı:

ADU TEC-in elmi rəhbəri t.ü.f.d. L.Namazova