XƏBƏRLƏR

ADU-da tyutorlarla görüş keçirilib

18 iyul, 2023

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla iyulun 14-də tyutorlarla növbəti görüş keçirib. Görüşdə tyutorlar üçün hazırlanmış yaddaş kitabçası təqdim olunub, gələcək işləri ilə bağlı tövsiyyələr verilib.

Tyutorların iş prosesində rastlaşdıqları çətinliklər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova, fakültə dekanları, Həmkarlar İttifaqı Komitəsinın sədri Misgər Məmmədov iştirak ediblər.

 

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tyutoru Qurbanova-Ərəbxanova Mehriban:

"Bu görüşdə tyutorların vəzifə və öhdəlikləri ilə bağlı yaddaş kitabçasının ilkin variantı barədə müzakirələr aparıldı. Tədbirə öz görüş və nitqi ilə başlayan rektor tyutorların vəzifə  öhdəlikləri ilə yanaşı tələbələrlə, valideynlərlə daha sıx, səmərəli bir ittifaqın gündəlik bir işə çevrilməsini, universitet həyatında  gündəlik baş tutan məsələlərdən tələbələrin hali olmasını, universitet həyatını  tam dərk etmələrinin vacibliyini vurğuladı. Sözsüz ki, istedadlı, bacarıqlı tələbələri üzə çıxarmaq,  tanıtmaq çox vacibdir. Rektorun hər bir sözü tələbəyönümlü məqsəd daşıyırdı. Akademik Kamal Abdulla hər görüşündə olduğu kimi bu görüşdə də ədalət prinsipini əsas götürərək görüşün səmərəli keçməsinə nail oldu".

BMR fakültəsinin tyutoru Musəvi Samirə:

"Hörmətli rektorumuz Kamal Abdullanın tyutorlarla görüşü çox səmərəli oldu. İclasda tyutorun hüquq və vəzifələri, fəaliyyəti ilə bağlı yenilənmiş yaddaş kitabçası təqdim olundu. İnanıram ki, təqdim olunan yaddaş kitabçası tyutor-tələbə münasibətlərinin düzgün qurulmasında və tənzimlənməsində mühüm əhəmiyyət kəsb edəcək. Fakültəmizdə biz çalışırıq ki, Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının təhsillə bağlı bütün qanunlarını, qaydalarını, əsas prinsipləri tələbələrə çatdıraq. Biz öz vəzifə öhdəliklərimizin vacibliyin dərk edir, bundan sonra da işimizi daha səmərəli şəkildə qurmağa çalışacağıq. Universitet rektoru tədbirdə çıxış edən digər şəxslərin  də təkliflərini, fikirlərini, iradlarını  dinlədi, nəticə etibarə ilə biz də fakültə olaraq fəaliyyəmizi daha səmərəli şəkildə quracağıq".

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tyutoru Abbasova Lamiyə:

“Görüşdə rektorumuz tyutorluğun universitetlə tələbə arasında körpü rolunu oynadığını və son dərəcə məsuliyyətli bir fəaliyyət sahəsi olduğunu bizlərə qeyd etdi.  Görüşdə  tyutorların yaddaş kitabçasının müzakirəsi  aparıldı. Həmçinin rektorumuz  tyutorların öz bilik və bacarıqlarını daima artırması, yeni təlim metodları ilə maraqlanması, həmçinin  hər bir tələbənin dərsə və dərsdən kənar fəaliyyəti ilə yaxından tanış olmasının zəruriliyi xüsusi olaraq bizlərə vurğuladı. Bununla yanaşı Kamal müəllim digər fakültələrdən də  olan tyutorların suallarını cavablandırıb, onların üzərinə düşən vəzifələr və öhdəliklər haqqında ətraflı məlumat verdi".