XƏBƏRLƏR

ADU-nun Konfutsi İnstitutunda “Dəniz İpək Yolu” mövzusunda mühazirə

12 iyul, 2023

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun onlayn yay lektoriyasında Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin Dəniz Gününə və Azərbaycan Dənizçi Gününə həsr olunmuş “Dəniz İpək Yolu” mövzusunda mühazirə oxuyub.

Dəniz Günü bayramı Çinin görkəmli səyyahı və diplomatı Çjen Xenin böyük dəniz hərbi-ticarət ekspedisiyalarının şərəfinə təsis olunduğunu bildirən R.Abbasov Dəniz İpək Yolunun əsas marşrutlarının xüsusiyyətlərindən danışıb. O, Çin ticarət gəmiçilik tarixi, görkəmli Çin müsəlman admiralı Çjen Xenin rəhbərliyi altında dəniz ekspedisiyaları, tarixi İpək Yolunun dirçəlişi üçün Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti haqqında da məlumat verib.

R.Abbasov mühazirəsində 1421-ci ildə taxta yelkənli gəmilərdəki çinli dənizçilərin Ədənə çatdıqda və hətta müsəlmanların müqəddəs şəhəri Məkkəni ziyarət etdikləri zaman Çjen Xenin Fars körfəzinə, Ərəbistan sahillərinə etdiyi ən məşhur ekspedisiyasını diqqətə çatdırıb.

Qeyd edilib ki, Çjen Xenin 1405-ci ildən 1433-cü ilə qədər yeddi ekspedisiyası Asiya və Afrika ölkələrinə yeni dəniz yolları açmaqla kifayətlənməyib, bu səyahətlər xalqlar arasında ticarət və mədəni mübadilənin inkişafına əhəmiyyətli töhfə verib.

R.Abbasov qeyd edib ki, Azərbaycan Dəniz Gəmiçiliyinin əsası 1858-ci il-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. Dünyada ilk neftdaşıyan “Aleksandr” barjı və ilk tanker – “Zərdüşt” də Xəzərdə istismar olunub.

O, həmçinin Azərbaycanın Çin və Avropa arasındakı mühüm tranzit rolu və transxəzər beynəlxalq nəqliyyat marşrutunun yaradılmasından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.