XƏBƏRLƏR

Akademik Kamal Abdullanın təşəbbüsünün təşəkkülü

05 iyul, 2023

Azərbaycan dilinin bütün dünyada təşviqi, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasına dəstək olmaq məqsədilə ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbüsü ilə 2018-ci il aprelin 26-da  Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyətə başlayan  “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi” hər il 10-dan çox tələbəni qəbul edir. Mərkəzdə seçmə dil kimi Azərbaycan dilinin tədrisi 18 oktyabr 2019-cu ildə məhz "Müstəqillik Günü" (Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü 15.10.2022) kimi əlamətdar gündə keçirilməyə başlanmışdır. 

Azərbaycan dili dərsləri həftədə iki dəfə olmaqla, 2 dərs ili ərzində tədris olunur. 2022-2023-cü il tədris ilində Azərbaycan dilini seçən 9 tələbə və 3 dinləyici var idi. Öncəki tədris illərində bu dili seçən tələbələrin əksəriyyəti türk dili ixtisasında oxuyan tələbələr idisə, bu il rumın dilində, holland dilində, slavistikada təhsil alan tələbələr də artıq Azərbaycan dilini seçmişdilər.

Azərbaycan dilini öyrənən tələbələrin təəssüratları  :

Mariya Radovanoviç: Mən türk dilində təhsil aldığım üçün, Azərbaycan dilini xarici dil kimi seçdim. Məsələ burasındadır ki, mən düşünürdüm, tamamilə, eyni dildir. Çünki, dostlarımdan eşitmişdim ki, türklər və azərbaycanlılar bir-birini tərcüməsiz başa düşür. Mən dərslərdən bir qədər sonra anladım ki, bu dillərin  incə fərqləri var. Eyni zamanda dialektlərlə maraqlandığım üçün bəzi Azərbaycan və Türkiyə bölgələrinin şivəsinin demək olar eyni olduğunu anladım. Artıq, seçmə dil kimi Azərbaycan dili dərsini bitirdim. Bu dilə olan marağıma görə gələn il də dinləyici kimi gəlməyi planlayıram.

Katarina Miletiç: Mənim Azərbaycan dilini seçməyimin səbəbi nişanlımın azərbaycanlı olmasııdır. Mən hələ filologiya fakültəsinə qəbul olmamışdan öncə Azərbaycan və Azərbaycan dili haqqında ilkin təsəvvürlərə yiyələnmişdim. Düzünü desəm, daha çox Naxçıvana və oranın şivəsinə bələd idim. Fakültədə Azərbaycan dili tədrisini eşidəndə isə sevincim birə-iki artdı. Bu yolla mən Azərbaycan mədəniyyətini və dilini daha dərindən öyrənməyə başladım. Hətta,  iki dəfə tədbirlərdə Səməd Vurğunun "Azərbaycan" şeirini sevərək səsləndirmişəm.

İrena Vuçiç: Mənim Azərbaycan dilini seçməyimin səbəbi Bakıda keçirilən "Formula" yarışlarına həvəskar kimi qatılmağım olub. Bakıdan qayıdandan sonra  seçmə dil kimi Azərbaycan dilini seçdim. Mən İçəri şəhərdə qalırdım. Qız qalasına, Şirvanşahlar sarayına getmişdim. Şəhərdə gəzəndə mənə rahat idi. Oradakı dostlarım serb dilinin rus dilinə bənzədiyini söyləyirdi. Mən isə Azərbaycan dilinin türk dilinə bənzədiyini eşitmişdim. Holland dilində təhsil aldığıma görə mənə fərqli dil qrupunda tədris almaq çətin də olsa, mən Azərbaycanı - Bakını çox sevdiyim üçün bu dili seçdim. 

Azərbaycan dili və mədəniyyəti öyrənən bütün tələblərəimizə akedemik fəaliyyətlərində uğurlar arzulayırıq.