XƏBƏRLƏR

ADU-nun Ulu öndərə həsr etdiyi konfrans haqqında dünya alimlərinin fikirləri

21 iyun, 2023

İyunun 14-də Azərbaycan Dillər Universitetində təhsil həyatımız üçün tarixi bir gün yaşanıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar keçirilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” Beynəlxalq elmi konfransında müxtəlif dövlətlərin ali təhsil müəssisələrindən tanınmış alimlər, professorlar, rektorlar, ictimai-siyasi xadimlər, ziyalılar iştirak edib.  

 Konfrans elmi əməkdaşlıq, beynəlxalq münasibətlər, tolerantlıq və multikultural ab-hava baxımından olduqca əhəmiyyətli olub. Bu önəmin bir səbəbi də Azərbaycanın dünyaya bir daha tolerant və multikultural bir dövlət kimi tanınması idi. Bu münasibətlə xarici ölkələrdən gələn elm adamlarının, professor və müəllim heyətinin, eləcə də nüfuzlu ziyalıların “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı Beynəlxalq elmi konfrans haqqında olan fikirlərini təqdim edirik:

Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov:

“Azərbaycan  Dillər Universiteti tarixi ənənələri və elmi nailiyyətləri olan ali təhsil müəssisəsidir. Azərbaycan Dillər Universitetini 75 illik yubiley münasibətilə təbrik edir, universitet rəhbərliyinə və kollektivinə ən səmimi arzularımı çatdırıram. Konfransa dəvətə  görə universitet rəhbərliyinə, hörmətli rektor Kamal Abdullaya öz minnətdarlığımı bildirmək istəyirəm. Bu konfrans mötəbər bir konfransdı. Ulu öndər Heydər Əliyevin adına layiq bir konfransdı. Bildirmək istəyirəm ki, Heydər Əliyev nəinki Azərbaycan xalqının böyük oğlu idi, o, həm də dünyanın ən güclü siyasi liderlərindən biri idi. Heydər Əliyev Çeçen xalqının qəlbində dərin sevgi və hörmət qazanıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də Çeçen xalqının dərin hörmətini və sevgisini qazanıb. Bizim ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər ölkə rəhbərləri səviyyəsində yüksələn xətlə inkişaf etməkdədir.

Biz Azərbaycan Dillər Universiteti ilə elmi əməkdaşlığın başlanğıcındayıq. İnanıram ki, əlaqələrimiz daha da inkişaf edəcək və gələcəkdə yeni elmi perspektivlərin yaranmasına şərait yaranacaq”.   

 

Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı, professor Fikrət Türkmən:

“Çox vacib və gözəl konfrans oldu. Universitetin rektoru, dostum Kamal Abdullanı və bütün kollektivi ürəkdən təbrik edirəm. Bu il eyni zamanda Azərbaycan Dillər Universitetinin 75 illik yubileyidir. Çox əlamətdar bir hadisədir. Bilirsiniz ki, Azərbaycanda Türkiyə-Azərbaycan Universiteti qurulacaq. Bu çox vacib addımdır. Dəvət edərlərsə, yaşıma baxmayaraq, gələrəm. Elə bir iş olmalıdır ki, bura cazibə mərkəzi halına gəlsin. Kamal Abdullanın həmin universitetin rektoru olmasını çox istərdim. Bu universitetdə türk dünyasına könül vermiş, fədakar adamların çalışmasını istərdim. Türkiyə-Azərbaycan universitetinin qurulmasının son dərəcə önəmli əhəmiyyəti var. Türk dünyasının bütün istiqamətlərdə gələcək birliyi bu kimi universitetlərə bağlıdır”.

 

Pakistanın Milli Müasir Dillər Universitetindən professor Muhammad Zubair İqbal:

“Bu konfrans ulu öndər Heydər Əliyevin multikulturalizm və sülhpərvər ideyalarının əksidir. Biz də sizin kimiyik. Hər zaman sülhün tərafdarıyıq.  Azərbaycan Dillər Universitetinin 75 illik yubileyi münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Gözəl təsadüfdür ki, Heydər Əliyevin 100 illik yubileyi ilə eyni ildədir. Biz də öz universitetimizdə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirəcəyik və sizin əməkdaşlarınızdan da orda görmək istəyərik. Tədbirin təşkili əla idi. Belə maraqlı və önəmli konfransın təşkili üçün rektor Kamal Abdullaya dərin minnətdarlığımı bildirirəm.”

 

İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti:

“Azərbaycan multikulturalizmində sadəcə nəzəri cəhətdən deyil, həmçinin fərqli millətdən, dindən olan insanlar mövcuddur. Mən düşünürəm ki, Heydər Əliyevsiz Azərbaycanı düşünmək olmaz, əgər  o olmasaydı, ölkəniz hazırki  vəziyyətdə olmazdı. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün əsasını məhz Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev qoyub. Universitetin 75 illiyi münasibəti ilə sizi təbrik edirəm. Çox qürur duyuram. İlk dəfə sizin universitetdə nitqimi rus, türk, ingilis dillərindən fərqli olaraq, öz doğma dilim italyan dilində ifadə etdim. Sevinirəm ki, Azərbaycan Dillər Universiteti belə bacarıqlı, savadlı gənclər yetişdirir. Hər şey üçün təşəkkür edirəm”.

Maynz Universitetinin professoru Hendrik Buşoten:

“Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə, böyük zəfər çox əlamətdardır. Bu isə öz növbəsində multikultural siyasətin əsasını qoyan Heydər Əliyevin uğurlu siyasətinin təzahürüdür. Həm Heydər Əliyevin 100 illiyi, həm də universitetin 75-ci ildönümü üçün sizə ən xoş arzularımı bildirirəm. Üç-dörd dəfə Bakıya gəlmişəm. Əziz dostum Kamal Abdulla ilə bir neçə layihə üzərində birgə çalışmışıq. Həmçinin konfranslarda da iştirak etmişəm. 75 il uzun bir müddətdir, buna görə sizi təbrik edirəm. Azərbaycan üçün çox faydalı universitetdi. İnkişaf etdikcə, edirsiz. Uğurlarınızın davamını diləyirəm”.

 

Pakistanın Kompüter və İnkişaf Etməkdə Olan Milli Elmlər Universitetinin professoru Summaira Sarfraz:

“Əvvəla mən burada olmaqdan çox xoşbəxtəm. Bu bayramın bir hissəsi olmaqdan çox həyəcanlıyam. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş maraqlı tədbirlərdən biridir. Pakistan və Azərbaycan Dillər Universiteti arasında tələbə mübadilə proqramları var. Onların sayəsində tələbələr müəyyən müddətdə burda təhsil almaq şansı əldə edirlər. Bu baxımdan sizin tələbələr ilə bizim tələbələr arasında maraqlı informasiya müzakirələri olur. Ümumiyyətlə, belə tədbirlər dostluq münasibətlərini inkişaf etdirir. Azərbaycan Dillər Universitetini çox sevdim. Həmçinin tələbələrinizi də. Tələbələrin çıxışlarından da aydın olur ki, burada yüksək səviyyədə tədris aparılır. Sonda demək istəyirəm ki, Azərbaycan Dillər Universitetinin 75 illiyi münasibəti ilə akademik, rektor Kamal Abdullanı və burada zəhməti keçən hər kəsi təbrik edirəm. Və mən sizləri çox sevirəm”.

Belqrad Universiteti, Türkologiya kafedrasının müdiri, professor  Ema Miljkoviç:

“Mən həqiqətən sizin universitetinizi çox bəyəndim. Burada əla kolleqalar, dostlar və fantastik müəllimlər ilə tanış oldum. Burada təhsil alan tələbələr o qədər enerjili idilər ki, o müsbət enerjini mənə də ötürdülər. Mən bunu çox bəyəndim. Bu il Azərbaycan Dillər Universitetinin 75 yaşı olur. Bu münasibətlə də sizi səmimi qəlbdən təbrik edirəm. Uğurlarınız bol olsun”.

 

 Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz:

“Qafqaz Universitetlərinin sədri olaraq, Azərbaycan Dillər Universitetini 75-ci ildönümü münasibətilə təbrik edirəm. İndiki rektorunuz Kamal Abdulla təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ziyalı insanlarından biridir. Azərbaycanın yetişdirdiyi çox gözəl bir övlad, həmçinin böyük xidmətləri olan insandır. Onun rəhbərliyi altında Azərbaycan  Dillər Universiteti daha gözəl layihələr həyata keçirəcək. Necə ki, bu gün multikulturalizm tədbirində dünyanın problemlərinə həll yolları axtaran universitet forumuna gəlmişəm. Bu tədbir ümumilikdə qərb universitetləri təşkil edərdi, amma dünyanın problemlərinə beynəlxalq anlamda həll yolları axtaran universitet olmaq çox qürurverici bir haldır. Çox xoşbəxt oldum. Gözəl 75 illərə. Mən eyni zamanda Türkiyə-Azərbaycan Universitetinin qurulmasına da diqqət çəkmək istərdim. Bu, Türkiyə-Azərbaycan əlaqələri baxımından çox vacibdir. Bu, əslində iki ölkənin yox, bütün türk dünyasının, Qafqazın universiteti olacaq”.

Rumıniyanın Yas Universitetinin Azərbaycan Multikulturalizmi mərkəzinin direktoru, filologiya elmləri doktoru Lyudmila Bejenaru:

Bu gün çox önəmli bir tarixi hadisənin şahidləri olduq. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı keçirilən konfrans öz unikallığı və əhəmiyyəti ilə diqqəti cəlb etməyi bacardı. Bu bacarıq və diqqət ilk növbədə ADU-nun rektoru, akademik Kamal Abdullanın gərgin əməyi və zəhməti hesabına ərsəyə gəlib. Qeyd etmək istəyirəm ki, bu il həm də ADU-nun 75 illiyi keçirilir. Qədim tarixi köklərə və ənənələrə sahib müasir ali təhsil ocağı olan Azərbaycan Dillər Universitetinin rəhbərliyini və bütün kollektivini yubiley münasibətilə təbrik edir, ən xoş arzularımı bildirirəm”.