XƏBƏRLƏR

ADU-nun Konfutsi İnstitutunda partiya diplomatiyası müzakirə olunub

03 iyul, 2023

“Yeni Azərbaycan Partiyası və  Çin Kommunist Partiyası: İpək Yolunda çoxşaxəli əlaqələr” adlı onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin Kommunist Partiyası ilə Dünya Siyasi Partiyaları arasında yüksək səviyyəli Dialoqun tarixi əhəmiyyəti” mövzusunda mühazirə oxuyub.

Mühazirə Çin Kommunist Partiyasının yaranmasının 102-ci ildönümünə həsr olunub. Mühazirənin əvvəlində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin   müşavir-elçisi Din Tao videomüraciətlə çıxış etmişdir. Çin Kommunist Partiyasının (ÇKP) yaradılmasının 102-ci ildönümünə həsr olunmuş “ÇKP-nin  Mübarizəsinin Yüzillik Tarixi” mövzusunda mühazirə iştirakçılarını salamlayan cənab Din Tao çıxışında qeyd etmişdir:

“Çin Kommunist Partiyasının yaradılması zəmanəmizin çox mühüm hadisəsinə çevrilmiş, inkişafın yeni üfüqlərini açmış, Çin xalqının və çin millətinin gələcəyini və taleyini kökündən dəyişdirməklə, dünyanın inkişaf istiqamətini və modelini dəyişdirmişdir. 100 ildən artıq bir müddətdə ÇKP Çin xalqını birləşdirməyi bacarmış və yeni demokratik inqilab istiqamətində, sosialist inqilabı və quruculuğunda, islahatlar və aşkarlıq siyasətində, sosialist modernləşdirilməsinin həyata keçirilməsində, yeni dövrdə Çin səciyyəli sosializm quruculuğunda böyük nailiyyətlərə imza atmışdır. Çin xalqı onu firavan və daha güclü bir topluma çevirmək istiqamətində irəliləyiş əldə etmiş, Çin Xalqının Böyük Dirçəlişini həyata keçirmək üçün mühüm bir tarixi prosesə daxil olmuşdur! ÇKP-nin XX Ümumçin qurultayında Çin modernləşdirilmə modeli vasitəsilə Çin millətinin Böyük Dirçəliş prosesinin hərtərəfli inkişafı yolunda strateji plan irəli sürülmüşdür. Çin tipli modernləşdirmə çoxsaylı insanı əhatə edir, ölkədə firavanlıq yaratmaq məqsədi daşıyır. Uyğun maddi və mənəvi sivilizasiya yaratmaq Çin xalqının rifahı, eyni zamanda dünyanın inkişafı naminə öz milli reallıqlarına və digər ölkələrin təcrübəsinə əsaslanan, dinc inkişaf yolu ilə insan və təbiətin harmonik birgəyaşayışını təşviq edən bir prosesdir. Çin tipli modernləşdirmə qüdrətli bir ölkə yaratmaq və Çin millətini dirçəltmək üçün geniş yollar açır, bu, Çinin bəşəri tərəqqi və dünya harmoniyası üçün fəaliyyətinin yeganə yoludur. Bu ilin mart ayında Çinin yeni dövrdə beynəlxalq ictimaiyyətə təqdim etdiyi Qlobal İnkişaf və Qlobal Təhlükəsizlik Təşəbbüsünün ardınca ÇKP Mərkəzi Komitəsinin Baş katibi cənab Si Cinpin ÇKP ilə dünyanın siyasi partiyaları arasında keçirilən Yüksək Səviyyəli Dialoq zamanı  Qlobal Sivilizasiya Təşəbbüsünü təklif etmiş və bu təşəbbüs ÇKP-nin dünyada sülhü təmin etmək istiqamətində daşıdığı məsuliyyəti nümayiş etdirmişdir. Çin Kommunist Partiyası tarixin düzgün istiqamətini, həmçinin bəşər cəmiyyətinin tərəqqi yollarını seçmək, bəşəriyyət naminə ortaq tale Birliyinin yaradılması və daha yaxşı dünya qurulması işinə yeni və əzəmətli töhfə vermək üçün, dünyanın bütün ölkələrinin siyasi partiyaları ilə olduğu kimi, Yeni Azərbaycan partiyası ilə də əməkdaşlığa hazırdır! ÇKP Baş katibi cənab Si Cinpinin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan və Çin arasında münasibətlər iki ölkənin hakim partiyalarının inkişafı istiqamətində yeni imkanlar əldə etmişdir. ÇKP və Yeni Azərbaycan partiyası arasında mövcud dostluq əlaqələrinə daim müsbət yanaşılmış və bu yaxınlıq iki ölkə arasında strateji qarşılıqlı etimadın möhkəmləndirilməsində, ikitərəfli münasibətlərin daha da inkişaf edirilməsində mühüm rol oynamışdır. Yaxın günlərdə Çində səfərdə olan Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın mərkəzi aparatının rəhbəri Tahir Budaqov ÇKP MK beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Lyu Szyançao ilə görüşmüş, danışıqlar aparılmışdır. Görüş zamanı tərəflər partiyalararası əlaqələrin daha da genişləndirilməsinin və partiya quruculuğu məsələləri üzrə fikir mübadiləsinin aparılmasının zəruriliyini qeyd etmişlər. Əminəm ki, iki hakim partiyanın Sədrləri və iki ölkə liderlərinin rəhbərliyi altında partiyalararası əlaqələr ölkə xalqlarının rifahı naminə müntəzəm şəkildə inkişaf etdiriləcəkdir”.

R.Abbasov qeyd edib ki, Çin Kommunist Partiyası ilə dünya siyasi partiyaları arasında Yüksək Səviyyəli Dialoqun əsas mövzusu Çinin beynəlxalq siyasətinin “bəşəriyyət üçün ortaq tale icması” yaratmaq strateji hədəflərinin təbliğidir. Çin Xalq Respublikasının sədri Si Cinpinin öz giriş nitqində qütbləşmə ilə  ümumi rifah, ekoloji fəlakətlə insan və təbiətin birgə, həmahəng mövcudluğu, digər ölkələrin inkişaf modellərinin təkrarlanması ilə milli xüsusiyyətlərə əsaslanan inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq ilə iqtisadi qeyri-sabitlik arasında tarix seçim etmək məsələlərini qaldırdığı qeyd olundu.  Bu gün beynəlxalq münasibətlərin yeni arxitekturasının formalaşdığı, yeni təsir mərkəzlərinin yarandığı bir dövrdə bir çox ölkələrin xalqlarının öz milli suverenliyinin və tarixi-mədəni əsaslarının müdafiəsi hazırlığı artır. Çin bütün ölkələrin xalqlarının öz şəraitindən asılı olaraq müstəqil inkişaf yolunu seçməsinə hörmətlə yanaşmağa və dəstək verməyə, həmçinin, müstəqillik və müxtəliflik, modernləşmə yollarının özünəməxsusluğu prinsiplərini müdafiə etməyə, insan cəmiyyətinin müasirləşdirilməsi sahəsində birgə fəaliyyətə, qlobal idarəçilik və ədalətli beynəlxalq nizamın formalaşdırılmasına çağırır.

R. Abbasov  ÇXR-nın Sədri Si Cinpinin dünyada sivilizasiyaların müxtəlifliyinin və bərabərlik vacibliyi prinsiplərinə əsaslanan, sivilizasiyalar arasında münaqişəsiz dialoqun və tolerantlığın qorunmasına yönəlmiş “qlobal sivilizasiya Təşəbbüsünü” xüsusi vurğulayıb.  Rafiq Abbasov qeyd edib ki, ÇKP və Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq çərçivəsində partiya nümayəndələrinin qarşılıqlı görüşləri təşkil olunur, dövlət və ictimai idarəetmə sahəsində, həmçinin siyasi-ideoloji sahədə təcrübə mübadiləsi aparılır, hər iki hakim partiya həm Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının fəaliyyətində, həm də “İpək Yolu İqtisadi Zolağı” proqramının həyata keçirilməsində fəal iştirak edir və tərəflərin milli maraqları nəzərə alınmaqla müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək göstərilir. O, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın tarixindən, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi nümayəndə heyətinin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında iştirakından danışıb və ümummilli lider Heydər Əliyevin nümayəndələrlə görüşünü xatırladıb. R.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikinci beynəlxalq forumda iştirak etmək üçün keçirdiyi görüşünü xatırladaraq, Çin Kommunist Partiyasının da Yeni Azərbaycan Partiyası ilə əlaqələrini fəallaşdırmağa, dövlət idarəetmə təcrübəsini bölüşməyə, iki ölkə arasında qarşılıqlı etimadı gücləndirməyə hazır olduğunu vurğulayıb.

R.Abbasov, həmçinin ADU-nun Konfutsi İnstitutunun Azərbaycan-Çin siyasi dialoqunun inkişafına verdiyi töhfələrdən, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu barədə danışıb. R.Abbasov söyləyib ki, Si Cinpinin dövlətin idarə edilməsi haqqında fikirlərindən ibarət olan bu kitab Azərbaycan ictimaiyyətinə Çin liderinin siyasi fəlsəfəsini, bu ölkənin daxili və xarici siyasətinin əsas strateji istiqamətlərini daha yaxşı öyrənmək, eləcə də “Çin arzuları” konsepsiyası və Böyük İpək Yolunun bərpasına yönəldilmiş “Bir kəmər, bir yol” layihəsi ilə tanışlıq imkanı verəcək. O, həmçinin Azərbaycan-Çin siyasi əməkdaşlığının və partiyalararası dialoqun uğurlu inkişafından, partiya nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən, Azərbaycan və Çinin iki hakim partiyasının iqtisadi siyasətindən, “Böyük İpək Yolunun iqtisadi kəməri” proqramının reallaşdırılmasında iştirakından da danışıb.