XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV -100

24 iyun, 2023

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan  Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2023 cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında  2023- cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.  Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bu müstəvidə Respublikanın bütün təşkilatlarında olduğu kimi Azərbaycan Dillər Universitetində də, o cümlədən  Əlavə təhsil, təcrübə və karyera şöbəsinin təşkilatçılığı və  Bakı şəhərinin bir sıra məktəb, lisey və təkilatlarında pedaqoji və istehsalat təcrübəsi keçən IV kurs tələbələrinin iştirakı ilə silsilə xarakterli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdən 2,7, 8, 18, 19, 20, 25, 27, 31, 35, 44,  46, 47, 52, 53, 95,135,159, 60,160,176,193, 238, 245, 258, 291 saylı məktəblərdə keçirilmiş və Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətininin çoxsaylı istiqamətlərinin  işıqlandırılmasına həsr olunmuş  tədbirləri göstərmək olar. Bu tədbirlərdən bəzilərini daha çox vurğulamaq istərdim.

Tədbirlərdən biri  Azərbaycan Dillər Universitetinin müəllim heyəti ilə 18 saylı orta məktəbdə pedaqoji təcrübədə olan tələbələrin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Dahi şəxsiyyət, sadə insan” adlı tədbirdir.

Tədbir universitetin Pedaqogika kafedrasının dosenti Oktay Abbasov, Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Yaqut Əliyeva, Alman dilinin fonetikası kafedrasının baş müəllimi Solmaz Əlizadə və Təhsil 1 və Təhsil 2 fakültəsinin  418 a, 418 b, 423 b, 413 a qrup tələbələri tərəfindən ərsəyə gətirilmişdir. Tədbirdə tələbələr tərəfindən Ümummilli liderin Azərbaycan xalqının həyatında oynadığı mühüm rolundan bəhs edən videoçarxlar və təqdimat nümayiş olunmuşdur.

Ulu öndərin xatirəsinə həsr olunmuş digər bir tədbir isə ADU-nun pedaqoji təcrübəyə rəhbərlik edən metodistləri baş müəllim İradə Bəylərova, Sədaqət Məmmədova və təcrübəçi tələbələrin, 35 saylı orta məktəbin müəllim və şagirdlərinin birgə təşkilatçılığı ilə “Müəllim hazırliğında universitet-məktəb əməkdaşlığının rolu” mövzusunda 35 saylı məktəbdə keçirilmiş konfransdır.

Konfransda 35 saylı məktəbin direktoru Rəna Naibova ingilis dili müəllimlərinin uğurları,keçdikləri təlim, seminar, qalib olduqları layihələr, universitet ilə məktəb arasında 20-ildən artıq olan əməkdaşlıq haqqında məlumat vermişdir. Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru professor Sevinc Zeynalova məktəblə universitet əməkdaşlığının davamlı olacağını diqqətə çatdırmış və hər iki tədris ocağının müəllimlərinə uğurlar arzulamışdır. Konfrans pedaqoji təcrübədə olan tələbələrin maraqlı mövzular ətrafında təqdimatları və şagirdlərin çıxışları ilə davam edib.

Sonda konfransın moderatorlarına, fəal iştirak edən tələbə və şagirdlərə sertifikatlar təqdim olunmuşdur.

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti tədbir Səbail rayonu Klassik Gimnaziyada keçirilmişdir. Tədbir ADU-nun metodisti, İngilis dilinin qrammatikası kafedrasının müəllimi Aytac Hüseynova, təcrübəçi tələbələr və şagirdlərin birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdir. Azərbaycan Dövlət Himni ilə başlayan və sonra Ulu öndər haqqında hazırlanan videoçarxların nümayişi ilə davam edən tədbirdə 8-ci sinif şagirdləri Azərbaycan və İngilis dillərində Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan, təhsilə göstərdiyi qayğıdan bəhs edən mətnlər səsləndirildi. Bədii hissədə 7a sinif şagirdləri Azərbaycan və İngilis dillərində şeirlər söyləyib, milli rəqslər nümayiş etdirdilər. Tədbir 8a sinif şagirdi Bahar Musayevanın ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşdı.

Bu saysız-hesabsız tədbirlərin məqsədi eyni olsa da mövzu baxımından müxtəlif və rəngarəngdir. Tədbirlərdə Ulu öndərin həyat və siyasi fəaliyyətinin müxtəlif  məqamları daha təfərrüatlı şəkildə işıqlandırılmışdır. Tələbə və şagird kontingentinin birgə hazırladığı bu tədbirlərin gənc nəsilin təlim və tərbiyyəsində, vətənini və xalqını sevən, onun müdafiəsində ləyaqətlə dayana bilən bir vətandaşın yetişməsində böyük rol oynayacaqdır. Uzun illər gəlib keçəcək, nəsillər dəyişəcək, lakin Ulu öndərə olan ümumxalq sevgisi bitib tükənməyəcək, insanların qəlbində əbədi olaraq yaşayacaqdır.

Əlavə təhsil, təcrübə və karyera şöbəsinin baş mütəxəssisi, dosent Nəsir Xankişiyev